Azərbaycan, Bakı, 7 may /Trend/
Bakıda yarımfabrikat məhsulların istehsalçısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə bazar ertəsi Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumat verildiyi kimi, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında Rasim Ağcayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal olunmuş yarımfabrikat məhsulların (ətli blinçik, toyuq kotleti və yarpaq dolması) saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, eləcə də məhsulların (düşbərə, pelmeni, "gürcü xingəli" və "gürzə") saxlama müddətinin normativ texniki sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, etiketlərində qoyun ətindən hazırlandığına dair məlumat verildiyi halda, həmin məhsulların (ətli blinçik, yarpaq dolması, "gürzə" və "gürcü xingəli") dondurulmuş mal ətindən istehsal edilməsi və məhsulların (pelmeni, "gürzə", "gürcü xəngəli", ətli blinçik və yarpaq dolması) uyğunluq sertifikatı olmadan istehsal edilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Rasim Ağcayevə 4,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.