...

Azərbaycanda qiymətli kağızlara beynəlxalq identifikasiya kodlarının verilməsinə görə xidmət haqqı ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 11:14 (UTC +04:00)
Milli Depozit Mərkəzi (MDM) QSC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə Mərkəz tərəfindən göstərilən xidmətlər üzrə tariflərə əlavə və dəyişikliklər təsdiq edilib.
Azərbaycanda qiymətli kağızlara beynəlxalq identifikasiya kodlarının verilməsinə görə xidmət haqqı ləğv edildi

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Milli Depozit Mərkəzi (MDM) QSC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə Mərkəz tərəfindən göstərilən xidmətlər üzrə tariflərə əlavə və dəyişikliklər təsdiq edilib.

Mərkəzdən cümə günü Trend-ə verilən məlumata görə, dəyişikliklər qiymətli kağızlar bazarının "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramında göstərilən mərhələlər üzrə ümumi inkişaf strategiyasına müvafiq olaraq və depozitar xidmətlərdən yararlanan emitentlər, investorlar və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının maraqları nəzərə alınmaqla həyata keçirilib.

Cari dəyişikliklər çərçivəsində 4 mövcud tarif təkmilləşdirilib və 3 yeni tarif tətbiq edilib. O cümlədən, Milli Nömrələyici Agentlik kimi MDM tərəfindən investisiya qiymətli kağızlarına beynəlxalq identifikasiya kodlarının (İSİN kod) verilməsinə görə xidmət haqqı ləğv edilib və dövlət qiymətli kağızlarının saxlanmaya qəbulunun ödənişsiz həyata keçirilməsinə qərar verilib. Həmçinin, bank və sığorta təşkilatlarının qiymətli kağızlarının deponentləşdirilməsi üzrə tariflər digər emitentlərdə olduğu səviyyəyə bərabərləşdirilib, mənzil sertifikatlarına depozitar və reyestrsaxlayıcı xidmətlərin göstərilməsi üzrə yeni tarif qaydaları tətbiq edilib.

Mərkəzi depozitar konsepsiyasının reallaşdırılması ilə əlaqədar hazırda MDM qiymətli kağızlar bazarının iştirakçılarına klirinq xidmətlərini də təklif etməyə hazırlaşır və bu sahədə maddi-texniki bazanın və hüquqi əsasların yaradılması üzərində intensiv işlər aparılır. Mərkəz daxili potensialı araşdıraraq öz müştərilərinə klirinq xidmətlərinin göstərilməsi üzrə xidmət haqqlarının sıfır tariflə həyata keçirilməsi təklifi ilə səhmdarlara müraciət edib.

Yeni tətbiq edilən tariflər isə əsasən təklif edilən yeni xidmət sahələri ilə bağlıdır. Belə ki, MDM tərəfindən icra ediləcək klirinq funksiyalarının tətbiqi ilə əlaqədar REPO əməliyyatlarının qeydiyyatı mümkün tariflərin ən aşağı həddi çərçivəsində müəyyən edilib. Bu əməliyyat hər bir əqd üzrə əqdin ümumi məbləğinin 0,003%-i müqabilində həyata keçiriləcək.

MDM birjada ticarət aparmaq istəyən, lakin Bakı Fond Birjası ilə elektron mübadilə əlaqəsi olmayan digər depozitarlara MDM-BFB linkindən istifadə edərək ticarətə qoşulmaq imkanı təklif edir. Bu imkan MDM-in həmin depozitar təşkilatlarla müxbir əlaqələrin yaradılması yolu ilə reallaşacaq.

Mərkəz qiymətli kağız sahiblərinin maraqlarını qorumaq baxımından emitentlərə "Qiymətli kağız sahiblərinin reyestrinin bərpası" kimi yeni xidmət təklif edir. Bu xidmətə MDM ilə depozitar müqaviləsinə xitam vermiş və bir müddət keçdikdən sonra müqaviləni bərpa etmək istəyən emitenlərə qiymətli kağız sahiblərinin reyestrinin xitam müddətində olan məlumatlar da daxil edilməklə tam bərpası aiddir.

Yeni tarif cədvəli ilə Mərkəzin saytıın müvafiq səhifəsində (http://mdm.az/index.php?r=19&lang=az) tanış olmaq olar.

Xəbər lenti

Xəbər lenti