Azərbaycan, Bakı, 4 avqust /Trend/
"Amrahbank" ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə bankın məcmu kapitalı 2,27 dəfə artırılacaq. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.
Məlumata əsasən, səhmdarların bir gün əvvəl keçirilən yığıncağında bankın məcmu kapitalının 22 028 570 manatdan 50 milyon manatadək artırılması qərara alınıb.
"Bununla əlaqədar müvafiq işlərin aparılmasına dair idarə heyətinə tapşırıqlar verilib", - məlumatda qeyd olunur.
"Amrahbank"ın bu addımını bir gün əvvəl Azərbaycan Mərkəzi Bankının idarə heyətinin 25 iyul 2012-ci il tarixli fəaliyyətdə olan bankların məcmu kapitalının minimum həcminin 10 milyondan 50 milyon manatadək artırılması haqqında qərarının dərc edilməsinə reaksiya kimi qiymətləndirmək olar. Bu qərar 2014-cü ilin yanvarından qüvvəyə minir.
1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
2008-ci ildə "Amrahbank"ın strateji səhmdarı Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (49 faiz səhm paketinə sahibi) ilə yaradılmış əməkdaşlıq əlaqələri bank daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və digər sahələrin inkişafında mühüm rol oynayıb.