Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Axundov/
İl ərzində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələrlə mal dövriyyəsi 55,5 faiz artıb, 2012-ci ilin altı ayı ərzində bu göstərici 35 faiz çoxalıb. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı Bakıda Şuranın üzvü olan ölkələrin iqtisadiyyat nazirləri ilə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsində bu ölkələrin payı davamlı şəkildə artır.
"Dünya bazarlarında böhranın davam etməsinə baxmayaraq, TDƏŞ üzvü olan ölkələrin iqtisadiyyatlarında sabitlik müşahidə olunur, bu ölkələrin ÜDM-i bir trilyon dolları ötüb", - Mustafayev bildirib.
Nazirin sözlərinə görə, Şuraya üzv olan ölkələrin iqtisadi uğurları bu təşkilatın formatında əməkdaşlığın inkişafı üçün yaxşı şərait yaradır.
"Bu gün Azərbaycandan və Qazaxıstandan enerji resursları Türkiyə vasitəsilə Avropaya daxil olur. Bundan başqa, Bakı-Tbilisi-Qars, Trans Anadolu qaz kəməri (TANAP), Ələtdə yeni beynəlxalq dəniz ticarət limanının tikintisi və digərləri kimi həyata keçirilməsinə başlanılan layihələr regionun ixrac potensialının artırılmasına hesablanıb", - Mustafayev deyib.
Onun sözlərinə görə, bugünkü görüşün əsas məqsədi Bişkəkdə dövlət başçılarının iştirakı ilə növbəti sammitə hazırlıqdır.
Bakı görüşündə Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də həmin ölkələrin dövlət və özəl sektorlarının nümayəndələri iştirak edirlər. İclas zamanı tərəfər arasında hazırkı vəziyyət və əməkdaşlığın genişlənbdirilməsinin perspektivləri müzakirə olunacaq.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin ilk görüşü 2011-ci il oktyabrın 13-də Qazaxıstanın paytaxtı Astanada keçirilib. Orada Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın iqtisadiyyat nazirləri və nazir müavinləri iştirak ediblər.