...

Fransa şirkəti ilə Bakının su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi üzrə müqavilə bağlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 16:30 (UTC +04:00)
"Azərsu" ASC ilə Fransanın "Suez Environnment" şirkəti arasında "Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və master plana dəstək" layihəsi üzrə müqavilə bağlanıb.
Fransa şirkəti ilə Bakının su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi üzrə müqavilə bağlanıb (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

"Azərsu" ASC ilə Fransanın "Suez Environnment" şirkəti arasında "Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və master plana dəstək" layihəsi üzrə müqavilə bağlanıb. Müqaviləni ASC-nin sədri Qorxmaz Hüseynov və "Suez Environnment" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebal imzalayıblar.

ASC-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün fəaliyyət planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda təcrübə mübadiləsini nəzərdə tutur.

İmzalanma mərasimində "Azərsu" sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur.

"Əsas məqsədimiz Azərbaycan əhalisini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməkdir. Buna nail olmaq üçün dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edirik. Abşeron yarımadası üzrə master planın hazırlanması üçün Türkiyə şirkətləri ilə müqavilə bağlamışıq və master planın ilkin təqdimatı da keçirilib. Ümidvaram ki, Fransa şirkəti ilə əməkdaşlıqdan sonra uğurlarımız daha da artacaq və ölkə başçısının qarşımızda qoyduğu tapşırıqları vaxtında və uğurla icra edəcəyik", - o deyib.

Azərbaycan Prezidentinin Fransaya son səfəri zamanı iş adamları ilə görüşündə iştirak etdiyini xatırladan "Suez Environnment" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident Erik Gebal su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda aparılan irimiqyaslı layihələrdən xəbərdar olduğunu bildirib: "Dünyanın bir çox ölkəsində işləyən "Suez Environnment" şirkətinin rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. Sizləri əmin edirəm ki, imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetirəcəyik və təkmil bir sənəd hazırlayıb "Azərsu" ASC-yə təqdim edəcəyik".

Xəbər lenti

Xəbər lenti