...

Bakıətrafı qəsəbələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 17:19 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu çərşənbə günü "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirib. Tədbirdə 150-dək sahibkar iştirak edib.
Bakıətrafı qəsəbələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu çərşənbə günü "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirib. Tədbirdə 150-dək sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Fondun güzəştli kreditləri hesabına güzəştli maliyyələşdirilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində illik istehsal gücü 12,8 min ton çörək və 1,8 min ton şirniyyat məhsulları olan zavodda aparılan tikinti işlərinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Sabunçu rayonunun, o cümlədən Zabrat qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli quşçuluq, istixana, bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2003 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,3 milyon manatdan çox güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihənin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib. Bu layihələrdən 18-si artıq başa çatdırılıb, 5 müasir istixana, 5 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 ərzaq məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,8 mln. manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, çörək və şirniyyat istehsalı, tikinti, polietilen materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinə yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 90-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti