...

Bakıda İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə Əməkdaşlıq Strategiyası müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 18:27 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru cənab Rudolf Şoxun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Bakıda İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə Əməkdaşlıq Strategiyası müzakirə edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru cənab Rudolf Şoxun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün 2013-2016-cı illər üzrə Əməkdaşlıq Strategiyasının müzakirəsi olmuşdur.

Nazir İsmət Abasov bildirmişdir ki, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı aqrar-sənaye kompleksi istiqamətində də əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf edir. Belə ki, İsveçrədən Azərbaycana 2011-ci ildə 749 min 500 ABŞ dolları dəyərində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün, spirtli və spirtsiz içkilər, taxıl, un, nişasta və süddən alınan hazır məhsullar, kakao və unlu qənnadı məmulatları və digər müxtəlif ərzaq məhsulları idxal olunmuş, ölkəmizdən İsveçrəyə isə 308 min ABŞ dolları dəyərində əsasən meyvələr və qoz-fındıq, ət və balıqdan hazırlanmış məhsullar ixrac olunmuşdur.

2012-ci ilin yanvar-iyun aylarında İsveçrədən ölkəmizə 356 min ABŞ dolları dəyərində əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün və tütün əvəzediciləri, süd məhsulları və digər ərzaq məhsulları idxal olunmuşdur.

Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə Hökumətinin müəyyən töhfəsi olmuşdur.

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) tərəfindən 2007-2012-ci illərdə Azərbaycanda həyata keçirilmiş "Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün kəndin inkişafında potensialın artırılması" layihəsinin maliyyələşdirilməsində Azərbaycan Respublikası Hökuməti ilə yanaşı İsveçrə Hökuməti də iştirak etmişdir.

Layihənin 2007-2009-cu illərdə həyata keçirilmiş pilot fazası çərçivəsində 120 məcburi köçkün və qaçqın ailələri tərəvəz yetişdirilməsi məqsədilə lazımi kənd təsərrüfatı istehsal vasitələri və avadanlıqlarla təmin edilmiş, çoxsaylı treninq-seminarlar, nümayış günləri keçirilmişdir. Nəticədə layihə benefisiarların istehsalının və gəlirlərinin artmasına əhəmiyyətli dərəcədə öz töhfəsini vermişdir.

Layihənin 2009-2012-ci illərdə həyata keçirilən ikinci mərhələsi Ağdam rayonunun 13 qəsəbə, 7 kənd və 1 qəsəbədənkənar ərazisində yaşayan 22 min nəfər yerli əhalini əhatə etməklə məcburi köçkünlərin istixanalar, tərəvəz toxumu və bitki mühafizəsi vasitələri ilə təmin edilməsi, damcı üsulu ilə suvarma sistemlərinin geniş tətbiqini nəzərdə tutmuşdur.

Layihə çərçivəsində 45 Fermer Sahə Məktəbi və 17 Fermer Biznes Məktəbi yaradılmışdır. Bunula yanaşı, 2010-cu ilin 17 sentyabr tarixində Ağdam rayonunda 1-ci kənd təsərrüfatı sərgisi keçirilmiş və sərgidə layihə çərçivəsində yetişdirilmiş məhsullar nümayiş etdirilmişdir.

İki ölkə arasında heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılmışdır.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə məqsədilə aşağıdakı təkliflərini nəzərə çatdırdı:

- İki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın müqavilə hüquq bazasını yaratmaq məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsveçrənin müvafiq dövlət qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu"nun hazırlanması imkanlarının araşdırılması;
- "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanmasının sürətləndirilməsi;
- İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən məcburi köçkünlər və qaçqınların yaşayış tərzində potensialın artırılmasına yönəldilmiş pilot layihələrin məcburi köçkünlər məskunlaşmış digər rayonların yeni salınmış qəsəbələrində həyata keçirilməsi imkanlarına baxılması;
- Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin İsveçrə Konfederasiyasının müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və aqrar yönümlü universitetlərində magistratura təhsili almaları imkanlarına baxılması;
- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi;
- bitkiçilik məhsullarının istehsalı və toxumçuluq üzrə müasir texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi;
- ölkəmizə İsveçrədən damazlıq südlük və ətlik istiqamətli malın satın alınıb gətirilməsi imkanlarına baxılması;
- bitki mühafizəsi və heyvanların sağlamlığının qorunmasının təşkili sahəsində əməkdaşlıq.

Rudolf Şox səmimi qəbula görə öz minnətdarlığını bildirərək, aqrar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti