...

Ərdoğan: İslam ölkələri arasında əmtəə dövriyyəsinin xeyli artması üçün imkanlar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 14:29 (UTC +04:00)
Xarici investorlar Türkiyə iqtisadiyyatına böyük maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Assosiasiyasının (MÜSİAD) forumunun açılışında deyib.
Ərdoğan: İslam ölkələri arasında əmtəə dövriyyəsinin xeyli artması üçün imkanlar var

Türkiyə, İstanbul, 11 oktyabr /Trend, xüsusi müxbir İ.Xəlilova/

Xarici investorlar Türkiyə iqtisadiyyatına böyük maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Assosiasiyasının (MÜSİAD) forumunun açılışında deyib.

Ərdoğanın sözlərinə görə, bu il ölkə iqtisadiyyatı daha 3 faiz artacaq.

Forum xarici sahibkarlar və iş adamlarının iştirakı ilə oktyabrın 11-də İstanbulda başlayıb.

Forumda, həmçinin Misirin iqtisadiyyat naziri Osama Saleh, Malayziyanın ticarət və sənaye naziri Datu Şri Mustafa Məhəmməd, İslam İnkişaf Bankının direktoru Məhəmməd Əli, Mərakeşin Baş naziri Abdullah Benkirane iştirak edirlər.

"2010-cu ildə baş tutan görüşdə beynəlxalq foruma dünyanın 76 ölkəsindən 3 min nəfər qoşulub ki, bu da İslam ölkələri arasında münasibətlərin inkişafının sübutudur və gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyini gözləmək olar. Bu gün bir çox beynəlxalq təşkilatlar və şirkətlər baş ofislərini Türkiyəyə köçürürlər və məqsədimiz İstanbulu təkcə regionun deyil, eləcə də dünyanın maliyyə və ticarət mərkəzinə çevirməkdir", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, İslam ölkələri arasında əmtəə dövriyyəsi çox aşağı səviyyədədir, lakin ticarət və investisiya münasibətlərini çox yüksək səviyyəyə çatdırmaq üçün imkanlar mövcuddur.

Ərdoğan bildirib ki, İslam ölkələri arasında güclü siyasi, iqtisadi və mədəni əlaqələr var.

"Məqsədimiz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsini 147 milyard dollara çatdırmaqdır", - Baş nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti