Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) baş katibi xanım Orsalia Kalantzopoulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında mövcud olan səmərəli əlaqələrin inkişafından məmnunluq ifadə edilib və bu əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmi qeyd olunub.
Görüşdə, həmçinin QDTİB-nın Rəhbərlər Şurasının 2013-cü ilin iyun ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan XV illik toplantısına hazırlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, 1996-cı ildə təsis edilən Qara dəniz Ticarət və İnkişaf Bankı 1999-cu il iyunun 1-də fəaliyyətə başlayıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın üzvü olduğu bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyir, üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.