...

Ağcabədidə sahibkarlara bir milyon manatadək güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 15:06 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2013-cü ilin tədbirini cümə axşamı Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş "Atena süd zavodu"nda keçirib.
Ağcabədidə sahibkarlara bir milyon manatadək güzəştli kredit verilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2013-cü ilin tədbirini cümə axşamı Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş "Atena süd zavodu"nda keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.

Əvvəlcə "Atena süd zavodu"nun 3000 başlıq müasir cins heyvandarlıq kompleksinin və illik emal gücü 90 min ton olan zavodun fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Ağcabədi rayonunda maliyyələşdirilməsi prioritet hesab olunan müasir çörək zavodunun, kiçik cins heyvandarlıq və südlük istiqamətli müasir cins keçi təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci ildə Fondun fəaliyyətinin yekunları, 2013-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatın ödənilməsinə xidmət edən müasir heyvandarlıq komplekslərinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Son illər Fond vasitəsilə Respublikada 9650 başlıq (illik istehsal gücü 70.7 min ton süd olan) və 3000 başlıq (illik istehsal gücü 1.7 min ton ət olan) 10 cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına 44.5 milyon manat güzəştli kredit verilib. Bu komplekslərdən 7-si istifadəyə verilib, digər 3 kompleksdə isə tikinti-quraşdırma işləri aparılır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 1 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşacaq layihələr 80-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, Ağcabədidə verilmiş kreditlər də daxil olmaqla, bu ilin ötən dövrü ərzində 110 sahibkara 11.1 milyon manat güzəştli kreditin verilməsi təmin olunub. Bu kreditlər hesabına reallaşdırılacaq layihələr nəticəsində 600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti