...

Hacıqabul rayonunun su təchizatı sistemləri yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 15:37 (UTC +04:00)
İcrasına 2012-ci ildə başlanmış “Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması” layihəsi yekunlaşıb.
Hacıqabul rayonunun su təchizatı sistemləri yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

İcrasına 2012-ci ildə başlanmış "Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması" layihəsi yekunlaşıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, aprelin 30-da Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinə içməli suyun verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Mərasimdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov iştirak ediblər.

Hacıqabul rayonunun Qubalı Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kəndin içməli su mənbəyi Kür-Bakı su kəməri seçilib. Bu mənbədən Qubalı Baloğlan kəndinə 355 mm diametrli polietilen borularla 9376 metr uzunluğunda magistral su xətti çəkilib və şəbəkəyə birləşdirilib. Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə ümumi tutumu 600 kubmetr olan 2 ədəd su anbarı inşa olunub, 560 abunəçiyə su sayğacı quraşdırılıb. Bununla da Qubalı Baloğlan kəndində 2865 nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Gələcəkdə kənddaxili su şəbəkəsinin yenidən qurulması da nəzərdə tutulur.

Qubalı Baloğlan kəndinin su təchizatı 1983-cü ildə yaradılıb və kəndə içməli su Pirsaatçay çayından verilirdi. Yay aylarında çayın suyunun tez-tez quruması və lilli olması su təchizatında vaxtaşırı problemlər yaradırdı. Kənddə su anbarı olmayıb, ümumi uzunluğu 4 km olan paylayıcı su xətləri isə istismara demək olar ki, yararsızdır. Kənd əhalisinin çox az hissəsi mərkəzləşdirilmiş şəbəkədən su alır, sakinlərin çoxu içməli suyu fərdi qaydada maşınlarla alırdı.

Xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Azərsu" ASC-də həyata keçirilən Tədbirlər Planı çərçivəsində aprelin 30-da kütləvi informasiya vasitələri nümayəndələrinin Hacıqabul rayonun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğular kompleksinə səfəri təşkil olunub. Mətbuat nümayəndələrinə sutəmizləyici qurğular kompleksinin yaradılması və fəaliyyəti ilə bağlı məlumat verən Kür Su Kəmərlər İdarəsinin rəisi Eldəniz Həsənov bildirib ki, kompleksin layihə-smeta sənədləri 1960-cı illərdə hazırlansa da, onun tikintisində əsaslı dönüş 1969-cu ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra başlayıb.

Daha sonra KİV nümayəndələri Kür sutəmizləyici qurğular kompleksində suyun emalı prosesi ilə yaxından tanış olub. Həsənov məlumat verib ki, paytaxt istehlakçılarına, eləcə də bir sıra ətraf məntəqələrə verilən Kür suyu mürəkkəb texnoloji prosesdən keçərək 3 mərhələdə təmizlənir. Kür çayından götürülən su əvvəlcə radial və üfüqi durulducularda reagentlərlə lildən təmizlənir, daha sonra süzgəclərdən keçirilərək 142,5 km uzunluğu olan Kür-Bakı su kəmərləri ilə paytaxta ötürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti