Azərbaycan, Bakı, 3 iyun /Trend/
İyunun 3-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Özyeğin Universitetinin təşkilatçılığı ilə "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda beynəlxalq praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. Bildirilmişdir ki, ötən illər ərzində dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı kimi kompleks tədbirlər həyata keçirilmiş, sahibkarlara göstərilən xidmətlər elektronlaşdırılmışdır. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ÜDM-dəki çəkisi 80%-i ötmüşdür. Bu gün Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Samir Vəliyev Azərbaycandakı genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən böyük maraq göstərildiyini qeyd etmiş, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən özəl bölmənin inkişafı sahəsində bir sıra ölkələrlə, o cümlədən Türkiyə ilə əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alpər Coşqun ölkələrimiz arasında əlaqələrin tarixi köklərə söykəndiyini qeyd etmiş, müxtəlif sahələrdə uğurla inkişaf edən Türkiyə-Azərbaycan əlaqələri barədə məlumat vermişdir.
Türkiyənin Özyeğin Universitetinin rektoru Erhan Erkut ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, iki dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində sahibkarlığın xüsusi rolunu qeyd etmişdir. Erhan Erkut çıxışında sahibkarlığın inkişafı sahəsində Türkiyə təcrübəsi barədə məlumat verərək, bu sahədə təcrübə mübadiləsinin faydalı olacağını vurğulamışdır.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev çıxışlarında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayaraq, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi sahəsində tədqiqatların əhəmiyyətini diqqətə çatdırmışlar.
Konfransda İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri və ölkə regionlarında sahibkarlığın inkişafı barədə məlumat vermişdir.
Sonra İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev "Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri", Türkiyənin Özyeğin Universitetinin dosenti Ümit Özlale sahibkarlıq sahəsində Türkiyə təcrübəsi, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov "Biznes tədrisinin inkişaf istiqamətləri", AZPROMO-nun prezidenti Rüfət Məmmədov "Azərbaycanda ixracın və investisiyaların təşviqində sahibkarlığın rolu", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndəsi Kənan Aslanlı "Kiçik və orta sahibkarlığın inkişafı və ATİB" mövzularında təqdimatlarla çıxış etmişlər.
Konfrans çərçivəsində Türkiyə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilmiş və sahibkarlığın inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılmış, bu istiqamətdə beynəlxalq təcrübənin, o cümlədən Türkiyə təcrübəsinin öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.