...

Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 10:04 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərinə səfər edib.
Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir M.Əliyev/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanla Qazaxıstan arasında, o cümlədən bu ölkənin qərb vilayətləri ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi, burada Azərbaycana məxsus logistik mərkəzlərin yaradılması, iş adamları arasında işgüzar əlaqələrin təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələrin aparılması məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfər edib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyindən bildirilib. Səfər çərçivəsində Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev ilə iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlərin yaradılması məsələləri müzakirə edilib.

Sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Qazaxıstan Respublikasının iqtisadiyyat və büdcə planlaşdırması naziri Yerbolat Dosayev biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayaraq iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Qazaxıstanla ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulduğunu vuğulayıb. Nazir Şahin Mustafayev hazırda ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, 20-dən çoxu iqtisadi sahəyə aid olmaqla ümumilikdə 90-dan çox sənəd imzalanıb. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsində indiyədək 9 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır.

Nazir Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulayıb.

İki ölkə arasında iqtisadi əlaqələr barədə də məlumat verən nazir bildiribki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 42,8 fait artıb. Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 37 Qazaxıstan şirkəti uğurla fəaliyyət göstərir. Təkcə Qazaxıstanın qərb regionunda Azərbaycan kapitallı 46 müəssisə qeydiyyatdan keçib. Azərbaycan-Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edən nazir biznes forumun işgüzar təşəbbüslərin stimullaşdırılmasına, yeni əməkdaşlıq imkanlarının yaradılmasına və ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aiderbayev vilayətin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ilə Manqistau akimliyi arasında "Qarşılıqlı Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Səfər çərçivəsində iqtisadi İnkişaf naziri Şahin Mustafayev Manqistau vilayətinin akimi Alik Aiderbayev ilə görüşüb. Görüşdə Azərbaycanla Qazaxıstan regionları arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər, logistik mərkəzlərin yaradılması imkanları müzakirə olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Aktau Beynəlxalq Dəniz Ticarət Limanın və Aktaudakı Xüsusi İqtisadi Zonanın fəaliyyəti, eləcə də vilayət tarix-diyarşunaslıq muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti