...

Maliyyə Nazirliyi sığorta və təkrarsığorta şirkətləri üçün ümumi kapitalla bağlı tələbləri iki dəfə artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 11:48 (UTC +04:00)
Maliyyə Nazirliyi sığorta və təkrarsığorta şirkətləri üçün ümumi kapitalla bağlı tələblərin minimum səviyyəsini iki dəfə artıracaq.
Maliyyə Nazirliyi sığorta və təkrarsığorta şirkətləri üçün ümumi kapitalla bağlı tələbləri iki dəfə artıracaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir A.Axundov /

Maliyyə Nazirliyi sığorta və təkrarsığorta şirkətləri üçün ümumi kapitalla bağlı tələblərin minimum səviyyəsini iki dəfə artıracaq.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən dördüncü beynəlxalq sığorta forumunda iştirak edən maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.

Yaxın illərdə nazirlik sığorta şirkətlərinin kapitalına olan tələbləri 5 milyon manatdan 10 milyon manatadək artırmağı planlaşdırır. Müvafiq olaraq təkrarsığorta şirkətləri üçün kapitalla bağlı tələblər də 10 milyondan 20 milyona qədər artırılacaq.

Nazirin fikrincə, tələblərin belə artırılması şirkətlərdə ciddi problem yaratmayacaq: "Sığorta sahəsi əhalinin geniş təbəqəsinə aid olduğundan spesifik sahədir. Bu nöqteyi-nəzərdən, bu sahəyə nəzarətin həyata keçirilməsinə xüsusi diqqət ayırmalıyıq. Bazar iştirakçıların maliyyə imkanları əhaliyə keyfiyyətli xidmət göstərmək, tam və vaxtında ödəmələri həyata keçirmək üçün yetərli olmalıdır".

Şərifovun sözlərinə görə, bununla yanaşı bazarın inkişafını təmin etmək məqsədilə tələblərin sərtləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək: "Son on il ərzində sığorta bazarının kapitalı 16 dəfə, sığorta şirkətlərinin gəlirləri isə 17,5 dəfə artıb. 2002-2013-cü illərdə sığorta şirkətlərinin kapitalına dair tələblər 1 milyondan 5 milyona qədər artıb ki, nəticədə sektorun maliyyə sabitliyi möhkəmlənib, ölkənin bütün sığorta şirkətlərinin ümumi kapitalı isə, 8,4 milyondan 300 milyon manata qədər yüksəlib. Şirkətlərin təmiz gəlirlərinin həcmi bu dövr ərzində 48 milyon manata qədər artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti