Azərbaycan, Bakı, 12 iyul /Trend/
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2013-cü ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda çıxlış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, bu ilin 6 ayında Azərbaycan öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, pensiyaçıların sosial müdafiəsi sahəsində islahat tədbirləri davam etdirilib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilmiş, əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə artıb, yoxsulluğun səviyyəsi azalıb".
DSMF sədri bildirib ki, cari ilin ötən dövründə makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin edib. Bu əsasda Fondun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2013-cü ildə də uğurla davam etdirilmişdir. Operativ məlumatlara əsasən 2013-cü ilin birinci yarısında Fondun gəlirləri proqnozun 101,9 faizi qədər, yəni 1306,6 mln. manat təşkil etmişdir ki, bu da 2012-ci ilin birinci yarısına nisbətən 34,2 mln. manat və ya 2,7 faiz çoxdur. Cari ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin birinci yarısına nisbətən 11,9 faiz və ya 77,0 mln. manat artaraq 723,8 mln. manat təşkil etmiş, proqnoz 103,1 faiz icra olunmuşdur. 2013-cü ilin birinci yarısında sosial sığorta haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,8 faiz və ya 76,7 mln. manat yuxarı olmaqla proqnozun 121,4 faiz icra edildiyini göstərir. Hesabat dövrü ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artmışdır. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 261,0 mln. manat təşkil etmişdir.
2013-cü ilin birinci yarısında Fondun xərcləri 1241,9 mln. manat olmuşdur. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1219,0 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,3 mln. manat və ya 3,5 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin birinci yarısına nisbətən 3,5 faiz və ya 39,9 mln. manat artaraq 1190,6 mln. manat təşkil etmişdir. 2013-cü ilin yanvar-iyun aylarında əhaliyə 28,4 mln. manat məbləğində müavinət ödənilmişdir.
Ölkə üzrə əmək pensiyaçılarının sayı 2013-cü ilin əvvəlinə 1272,1 min nəfər olmuş və ilkin məlumatlara görə, ilin birinci yarısında 2,0 min nəfər və ya 0,2 faiz azalaraq 1 iyul tarixinə 1270,1 min nəfər təşkil etmişdir. 2013-cü ilin 1 iyul tarixinə əmək pensiyalarının orta aylıq məbləği 153,6 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 170,1 manat olmuşdur. S.Müslümov qeyd edib ki, gəlirlərin səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
Bu ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq tədbirlər davam etdirilmişdir. Sığorta-pensiya sistemində aparılan islahatlara uyğun olaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayının 8-dən 25-ə çatdırıldığını deyən DSMF sədri qeyd edib ki, 6 ayın statistikasına əsasən, Fond tərəfindən göstərilən elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdir.
S.Müslümov ötən 6 ay ərzində fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə davam etdirilən tədbirlər nəticəsində fərdi şəxsi hesaba malik sığortaolunanların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz artdığını da bildirib. Bu ilin iyulun 1-i tarixinə olan statistikaya əsasən, fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2581586 nəfərə yüksəlib.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri, bəzi yerli orqanların rəhbərləri çıxış ediblər. İclasda Fondun yerli orqanlarının 2013-cü ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.
Kollegiyada eyni zamanda "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının 7.3-cü "Sosial müdafiə sisteminin təkmilləşdirilməsi" bəndinin 2013-cü ilin ikinci yarısında icrası üzrə DSMF orqanlarının qarşısında duran vəzifələrlə bağlı müzakirələr aparılıb.