...

Bakı qəsəbələrinin inkişafına ayrılan güzəştli kreditlərin həcmi 187 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 16:56 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirib.
Bakı qəsəbələrinin inkişafına ayrılan güzəştli kreditlərin həcmi 187 milyon dolları ötüb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Binəqədi rayonunun Biləcəri qəsəbəsində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 591 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilmiş kreditlər əsasən heyvandarlıq, plastik qapı-pəncərə, mebel, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbirdə iştirak edən sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara müasir tikinti konstruksiyaları, ət kəsimi, tikişçilik və çörək istehsalı müəssisələrinin, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Bakı şəhəri və onun qəsəbələrində dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən layihələr, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 644 investisiya layihəsinin maliyyələşdirilməsinə 146,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Fond tərəfindən mütəmadi olaraq sahibkarların maarifləndirilməsi tədbirləri də keçirilir. İndiyədək Fond tərəfindən Bakıətrafı qəsəbələrdə təşkil edilmiş treninqlərdə 5 minə yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində, həmçinin Rəsulzadə qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 16,9 min ton çörək istehsal etmək gücünə malik müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti