...

Azərbaycan və Səudiyyə Ərəbistanı ixrac yönümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üzrə əməkdaşlıq imkanlarını öyrənirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd əl-Osman və Şahzadə Saud bin Xalid əl-Feysəl ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev bildirib ki, hazırda iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla inkişaf edir: "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun fəaliyyəti də ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Səudiyyə Ərəbistanı kapitallı şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Səudiyyə İnkişaf Fondu tərəfindən ölkəmizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində layihələr həyata keçirilir".

Nazir iki ölkə arasında əlaqələrin inkişafında dekabrın 11-də 3-cü iclası keçiriləcək Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın, iş adamları arasında əlaqələrin genişləndirilməsində isə bu gün keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunun əhəmiyyətini qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd əl-Osman ölkəsində sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimiz arasında geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində əməkdaşlıq imkanlarının araşdırılması, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı, irimiqyaslı regional layihələrin həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə biznes forum, sərgi və yarmarkaların keçirilməsi və s. məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti