...

Azərbaycan Fransaya kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə memorandum imzalamağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 15:43 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb.
Azərbaycan Fransaya kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə memorandum imzalamağı təklif edir

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

H.Əsədov Fransanın Avropanın keyfiyyətli ərzaq istehsal edən qabaqcıl ölkələrindən biri olduğunu və Azərbaycanın Fransa ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Nazir aqrar sahədə çoxsahəli prioritet istiqamətlərin olduğunu, xüsusilə torpaq alqı-satqı sahəsində və kooperativlərin yaradılmasında Fransanın qabaqcıl təcrübəsinin öyrənilməsini, bu ölkənin Azərbaycanda öz tədqiqatlarının və ticarət əlaqələrinin genişləndirilməsini, Fransanın iş adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu, eyni zamanda, Fransadan alınması nəzərdə tutulan cins mal-qaranın qiymətinə yenidən baxılması imkanlarının araşdırılmasını nəzərə çatdırıb.

O, iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasını və Fransanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən "Aqrimer" Texniki Yardım Agentliyi tərəfindən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına texniki yardımın göstərilməsi imkanlarının araşdırılmasını təklif edərək, belə görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

G.Qaro 2014-cü ildə Fransa ilə Azərbaycan arasında münasibətlərdə daha çox nailiyyətlər əldə olunacağına əminliyini bildirib.

O, qida sanayesi sahəsində təcrübə mübadiləsinin aparılması, heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, Azərbaycanda ehtiyac meyarının müəyyən edilməsi, treninqlərin keçirilməsi, brend markaların qorunması, gənc fermerlərə təcrübə mübadiləsi keçirilməsi sahəsində əməkdaşlığa dair təkliflərini, bu təkliflərin dövlətlərarası və şirkətlərarası həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb və H.Əsədovu Fransaya rəsmi səfərə dəvət edib.

Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti