...

Mərkəzi Bank: Rublun devalvasiyası Azərbaycanın milli valyutasının sabitliyinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 07:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Əliyev/

Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasının sabitliyinə təsir etməyəcək. Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

AMB-dən deyilib: "Qeyd etmək lazımdır ki, Azərbaycanın maliyyə-iqtisadi potensialı milli valyutanın məzənnəsinin saxlanmasını mümkün və məqsədəuyğun edir. Beləliklə, rublun devalvasiyası manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir etmir. Manatın məzənnəsinin sabitliyi fundamental amillərlə şərtlənir ki, bu da qlobal maliyyə böhranı dövründə özünü doğruldur".

Martın 14-də Rusiyada dolların rəsmi məzənnəsi tarixi maksimum yeniləyib. Belə ki, Rusiya Bankı (RF Mərkəzi Bankı) onu bir dollara görə 36,6391 rubl səviyyəsində müəyyən edib. Bundan əvvəlki rekord göstərici 36,4865 RUB/USD səviyyəsində qeydə alınıb. İlin əvvəlindən rublun rəsmi məzənnəsi 12,2 faiz artıb, RF Mərkəzi Bankı tərəfindən milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün həyata keçirilən gündəlik valyuta intervensiyası 400 milyon dollar təşkil edir.

AMB-dən bildirilib: "Сari ilin əvvəlindən rubl dollara və avroya nisbətdə ucuzlaşır və bu tendensiya 2009-cu ildəki rekord səviyyəyə çatıb. Bu proses, bütün digərləri ilə yanaşı rublun manata nisbətən ucuzlaşmasına gətirib çıxarır. Bu ucuzlaşma ilin əvvəlindən doqquz faiz təşkil edir. Nəzəri cəhətdən bu, ölkə iqtisadiyyatına, daha dəqiq desək, məhsulların idxalına və ixracına müəyyən təsir göstərə bilər".

İlin əvvəlindən rublun Azərbaycanda rəsmi məzənnəsi (martın 14-nə olan məlumata görə) 0,0236-dan 0,0214 AZN/RUB-dək azalıb.
AMB-də hesab edirlər ki, bu prosesin milli iqtisadiyyata göstərdiyi təsir ucuzlaşmanın nə dərəcədə davamlı olacağından asılıdır.

AMB-nin nümayəndəsi əlavə edib: "Tədqiqat göstərir ki, idxalçılar və ixracatçılar məzənnələrin dəyişməsinə müəyyən zaman ərzində reaksiya verirlər və əgər bu dəyişiklik kiçik və qısamüddətli xarakter daşıyırsa, onda bazar ya buna çox cüzi reaksiya verir, ya da ümumiyyətlə heç bir reaksiya vermir. Dünya təcrübəsi göstərir ki, nominal devalvasiya qiymətlərin müvəqqəti üstünlüyünü təmin edir, halbuki daimi qiymət üstünlüyü inflyasiyanı da nəzərə alan real məzənnə ilə təyin edilir. Əgər Rusiya istehsalçılarının idxaldan asılılığı yüksəkdirsə, onda devalvasiya real məzənnənin bahalaşmasına gətirib çıxaracaq ki, bu da onların rəqabət (qiymət) üstünlüyünü təmin etmir. O da aydındır ki, devalvasiya Rusiyanın rublla ifadədə dövlət büdcəsinin gəlirlərinin artmasına kömək edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti