...

Azərbaycan hökuməti və FAO kartof toxumçuluğunun inkişafı layihəsi ilə bağlı müqavilə imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2014 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru Mustafa Sinaser ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycan hökuməti ilə FAO arasında "Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun inkişaf etdirilməsi" layihəsi ilə bağlı müqavilənin imzalanması olub.

H.Əsədov FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirərək Azərbaycanın bundan sonra da əməkdaşlığın daha da genişləndirilməsinə önəm verəcəyini və həyata keçirilən layihələrin davamlılığının təmin olunacağını nəzərə çatdırıb. Nazir imzalanacaq yeni layihənin əhəmiyyətindən söhbət açaraq Azərbaycanda kartof toxumçuluğunun təşkili, sertifikatlaşdırılması və bacarıqların artıırılmasında dəyərli bir layihə olduğunu qeyd edib.

Növbəti iki il ərzində həyata keçiriləcək layihə ölkədə həm ərzaq, həm də kommersiya məqsədli kartof istehsalının bərpası üçün müasir toxuma kulturası vasitələrindən istifadə olunmaqla hərtərəfli və davamlı toxumçuluq sisteminin inkişaf etdirilməsinə töhfə verəcək. Layihə yeni sortların sınaqdan keçirilməsi və nümayiş etdirilməsi, həmçinin toxum istehsalı üzrə milli sertifikatlaşdırma sisteminin təşkil edilməsi üçün texniki yardım göstərəcək. Layihə, eyni zamanda, təlimlərin keçirilməsi ilə virusların müəyyən edilməsi və kartof patologiyasının öyrənilməsi üzrə milli bacarıqların inkişaf etdirilməsinə xidmət edəcək. Virusların analiz edilməsi və invitro şəraitində toxuma kulturaları üçün laboratoriya şəraiti gücləndiriləcək və fermer üçün əsaslı toxumçuluq sxemi təşkil ediləcək.

M.Sinaser Azərbaycanda aqrar sektorun inkişafı üçün FAO ilə əməkdaşlığın daha da genişlənməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması məsələsinin müzakirəsi aparılıb. Daha sonra layihənin imzalanma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti