...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Əliyev/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda fəaliyyətinin yeni strategiyasını təsdiqləyib. Trend-in məlumatına görə, aprelin 30-da bankın Direktorlar Şurasının təsdiqlədiyi sənədin mətni bankın saytında yerləşdirilib.

AYİB-in Azərbaycanda yeni fəaliyyət strategiyası 3 il üçün nəzərdə tutulub və 2014-cü ildən 2017-ci ilədək olan dövrü əhatə edir.

Sənəddə deyilir: "İqtisadi artım templəri böhran öncəsi bum dövründən bəri kəskin şəkildə azalıb, çünki karbohidrogen hasilatının templəri yavaşıyıb. 2011-ci ildə ölkədə ÜDM neft hasilatının 10,6 faiz azalması fonunda cəmi 0,1 faiz artıb. 2012-ci ildə iqtisadiyyat 2,2 faiz çoxalıb, amma neft hasilatının daha yumşaq azalması qeyri-neft sektorunun ümidverici inkişafı (9,7 faiz) ilə kompensasiya olunmuşdu".

Bankın qiymətləndirmələrinə görə, 2013-cü ilin ilk 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı 5,1 faiz artıb: "Strategiyanın növbəti dövrü ərzində qaz hasilatı, gözlənildiyi kimi, əhəmiyyətli dərəcədə artacaq ki, bu da neft hasilatının azalmasının təsirini qismən yumşaldacaq. Ölkənin böyük neft fondu (ÜDM-in təxminən 50 faizi) əhəmiyyətli davamlılıq ehtiyatını təmin edir".

Strategiyada qeyd olunur ki, əsasən neft hasilatı, eləcə də sosial transfertlər hesabına əldə olunan möhkəm artım sayəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 1999-cu ildəki təxminən 50 faizdən 2012-ci ildə 6 faizədək kəskin şəkildə azalıb: "Azərbaycan öz inkişafında ən yüksək mərhələyə çatıb. 2017-ci ildən neft hasilatı azalacaq və toplanmış karbohidrogen gəlirlərindən iqtisadiyyatın asılılığı çox yüksəkdir. Azərbaycanın neftdən sonrakı dövrə müasir və inkişaf etmiş özəl sektorla daxil olması üçün iqtisadiyyatın şaxələnməsi həlledici əhəmiyyətə malik olacaq. Ölkə hökuməti "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində şaxələndirmə üzrə iddialı hədəflərini təsdiqləyib və iqtisadiyyatın modernləşdirilməsində müəyyən irəliləyişə nail olub. Buna baxmayaraq, neftlə bağlı olmayan sektorların artımının dəstəklənməsi üçün zəruri olan struktur islahatların keçirilməsi sürətləndirilməlidir".

1991-ci ildən 2013-cü ilin noyabr ayının sonuna kimi AYİB Azərbaycanda 138 layihənin maliyyələşdirilməsi üçün 1,577 milyard avro vəsait ayırıb. Bu layihələrin ümumi dəyəri 6,6 milyard avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti