...

Elmar Məmmədyarov: Azərbaycan ərəb ölkələri ilə davamlı iqtisadi münasibətlərin inkişafına xüsusi önəm verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Ərəb dövlətləri ilə tarixi, dini və mədəni bağlılığı olan bir ölkə kimi, Azərbaycan hər zaman Ərəb Dövlətləri Liqasının hər bir üzvü ilə davamlı ticari, iqtisadi və siyasi sütunlara söykənən münasibətlərin inkişafına xüsusi önəm verir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, həmçinin ərəb dövlətləri ilə olan dostluq əlaqələri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası çərçivəsində mühüm və uzunmüddətli əməkdaşlıq üçün yol açıb: "Buna görə də məntiqlidir ki, Azərbaycan əvvəldən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Forumu təşəbbüsünü alqışlayıb və onun irəliləyişində fəal iştirak edib. Qətiyyətlə inanırıq ki, bu mexanizm bizim siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edəcək və daha çox qarşılıqlı anlaşma, hörmət və dəstəyi təmin edəcək".

E.Məmmədyarov əlavə edib ki, həmçinin Forum bizim iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi və münasibətlərimizin iqtisadi təməlini möhkəmləndirə bilər. Daha mütərəqqi sərmayə və ticarət əlaqələri qarşılıqlı iqtisadi fayda və fəaliyyətin genişlənməsinə təkan verəcək. Dövlət və özəl sektorlardakı əməkdaşlıq modellərinin fəal şəkildə istifadə edilməsi həm resursların mobilizasiyası, həm də siyasi dəstək baxımından zəruridir.

Onun sözlərinə görə, əməkdaşlığa dair gündəliyi hazırlayarkən, həm ikitərəfli, həm də daha geniş formatdan asılı olmayaraq, qarşılıqlı maraq doğuran spesifik sahələr istiqamətinə hədəflənərək, praktik olmalı və mərhələli yanaşmadan istifadə etməliyik.

XİN rəhbəri bildirib ki, regionlarımızın tranzit və iqtisadi inteqrasiya potensialı əsasən istifadə olunmamış qalır: "İnşası tamamlandıqdan sonra Azərbaycan, Gürcüstan vəTürkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional nəqliyyat dəhlizi çərçivəsində marşrutların şaxələndirilməsini və Çindən ərəb dövlətlərinə mal axınını təmin edə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi potensial Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələri birləşdirən dəmir yolu sisteminə qoşula bilər".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təhsil sahəsində əməkdaşlığa təkan vermək məqsədilə xüsusi akademik mübadilə proqramlarının hazırlanmasına tam dəstək verməyə hazırdır: "Həmçinin sənaye və yanacaq-enerji sektorlarının inkişafında tətbiq edilən təcrübə və innovasiyaların öyrənilməsi bizim üçün böyük maraq doğurur. Bəzi Ərəb Dövlətləri Liqası ölkələrində ənənəvi və inkişafda olan turizm sahələri mövcuddur. Biz turizm iqtisadiyyatının və inkişafının təcrübə mübadiləsində maraqlıyıq və biznes və mədəniyyət sahələrində aparıcı rola malik olmaq istərdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti