Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Əliyev/
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2015-ci ilə ölkə ÜDM-də 9,9 faizədək azalacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə BVF-nin saytında yerləşdirilmiş məlumatda deyilir.
Hesabatdakı məlumatlara görə, 2013-cü ildə bu göstərici 19,7 faiz təşkil edib. Fond cari ilin sonunadək onun 15 faizədək azalacağını gözləyir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən elan edilmiş tədiyyə balansına əsasən, cari əməliyyatlar hesabının profisiti, 2013-cü ilin nəticələrinə görə, inişilin analoji göstəricisi ilə müqayisədə 17,22 faiz azalaraq 12,3 milyard dollar təşkil edib. Göstərilən dövr üçün Azərbaycanın neft-qaz sektorunun cari əməliyyatlar hesabının profisiti 22,1 milyard dollar təşkil edib.
Bu halda, sənədə əsasən, neft-qaz sektorunun cari əməliyyatlar hesabının profisiti qeyri-neft sektorunun cari əməliyyatlarının hesabının 9,8 milyard dollarlıq defisitini tamamilə örtür.
BVF həmçinin milli iqtisadiyyatın artım tempinin bu ilin yekunları üzrə 5 faizdən 2015-ci ilin sonunda 4,6 faizədək azalacağını proqnozlaşdırır.
DSK-nın məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM ildə 3,96 faizlik nominal artımla 18,2 milyard manat təşkil edib.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ictimai-iqtisadi inkişafının konsepsiyasına əsasən, 2014-cü ildə ölkə ÜDM-nin real artımının 5,2 faiz səviyyədə olacağı gözlənilir. 2015-ci ildə ÜDM-in həcmi 59,4 milyard manat (5,8 faiz artım) səviyyədə proqnozlaşdırılır.