...

Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2014 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev DAF-ın İdarə Heyətinin sədri H.E.Şlayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə nazir Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin uğurla davam etdiyini qeyd edən iqtisadiyyat və sənaye naziri indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalandığını bildirib: "Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 Almaniya investisiyalı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 mln. ABŞ dollarına yaxın investisiya yatırılıb. 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25%, bu ilin yanvar-iyul aylarında isə 15% artıb. Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir. 2012-ci ildə Bakıda yaradılmış Almaniya-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında 2-ci belə palatadır və bu qurum ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır. 1997-сi ildən etibarən aparılan Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun yaradılması, "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir".

Qeyd edilib ki, 2009-2014-cü illərdə 200-ə yaxın sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Almaniyanın peşə təhsili sahəsindəki təcrübəsindən Sumqayıt Kimya Sənaye Parkında da istifadə ediləcək. İş adamları arasında da əlaqələr inkişaf edir, müxtəlif biznes forumlar, işgüzar görüşlər keçirilir, Azərbaycan Almaniyada təşkil edilən sərgilərdə təmsil olunur.

Ş.Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan-Almaniya əməkdaşlığının daha da inkişafında faydalı olacağını diqqətə çatdırıb.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, sosial sahədə görülən işlər barədə məlumat verib, iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatın inkişaf tempinə görə dünyada aparıcı yerlərdən birini tutur.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri H.E.Şlayer Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Almaniya nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini, keçirilən rəsmi görüşlərin nümayəndə heyətində geniş təəssürat yaratdığını vurğulayıb. DAF-ın fəaliyyəti barədə məlumat verən H.E.Şlayer təmsil etdiyi qurumun Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini vurğulayıb.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən ölkəmizin biznes və investisiya imkanlarına, "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən isə sənaye parkına dair təqdimatlar keçirilb.

Görüşdə iştirak edən alman iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyətləri barədə məlumat veriblər.

Rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri sentyabrın 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti