...

Azərbaycan Parlamenti 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2014 17:17 (UTC +04:00)
2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq.
Azərbaycan Parlamenti 2015-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə başladı

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Azad Həsənli/

2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq. Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təhlükəsizlik və müdafiə, Təbii Ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2015-ci il üzrə dövlət və icmal büdcələri layihələrinin müzakirəsi zamanı bildirib.

2015-ci ildə dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır.

Nazirin qeyd etdiyi kimi, dövlət büdcəsinin parametrləri neftin bir barelinin qiymətinin 90 dollar olması nəzərə alınaraq formalaşdırılıb.

Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 0,3 faiz azalacaq. Dövlət büdcəsinin xərcləri 2014-cü illə müqayisədə [gözləntilər nəzərə alınmaqla] 5,2 faiz, 2013-cü illə müqayisədə isə 10,2 faiz artacaq.

Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənilən 66 faizə nisbətdə 65,3 faizədək azalacağı gözlənilir. 2013-cü ildə isə bu göstərici 73,1 faiz təşkil edib.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat səviyyəsində gözlənilir (2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 0,1 faizlik artım), Dövlət Gömrük Komitəsi - 1,59 milyard manat (5,3 faiz artım), Dövlət Neft Fondu - 10,388 milyard manat (11,3 faiz), dövlət əmlakının icarəsi - 7 milyon manat (40 faiz), büdcə təşkilatlarının büdcədənkənar gəlirləri - 300 milyon manat, digər gəlirlərdən isə 41 milyon manat təşkil edəcək.

Büdcə xərcləri strukturunda hərbi xərclərə 1 778,5 milyon manat (artım 8,6 faiz) yönəldilməsi planlaşdırılır. Kapital qoyuluşları 10,7 faiz artaraq 6 930 milyon manata çatacaq, sənaye və tikinti sahəsinə xərclər 10,7 faiz artaraq 6 951,6 milyon manat, təhsil - 3,5 faiz artaraq 1 711,2 milyon manat, səhiyyə - 7,2 faiz artaraq 777,7 milyon manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat üzrə xərclərin 1,5 faiz - 2 040,5 milyon manatadək, elmə 3 faiz - 142,5 milyon manatadək, prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanlarına xərclərin isə 1,1 faiz - 1 227,1 milyon manat azaldılması planlaşdırılır.

S.Şərifovun bildirdiyi kim, 2015-ci ilin icmal büdcəsinin gəlirləri 20 716,8 milyon manat, xərcləri 25 911 milyon manat, kəsiri isə 5 194,1 milyon manat (ÜDM-in xüsusi çəkisinin 8,7 faizi) səviyyəsində proqnozlaşdırılır.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirib ki, gələn il inflyasiyanın aşağı səviyyədə - 2,3 faiz - qalacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti