Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Ölkənin qabaqçıl ali məktəblərini təmsil edən tələbələr Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankda təcrübə proqramını uğurla başa çatdırmışlar.
Bankda təcrübə keçmək imkanını Bankın "Davamlı Müəssisənin İnkişaf Proqramı", "Mən PAŞA Bankın Təqaüdçüsüyəm", "İnşa Müsabiqəsi" və sair kimi layihələrində iştirak edən gəncləri birləşdirən "PAŞA Bankın Dostları Klubu"nun iştirakçıları olan tələbələr əldə etmişlər.
İki ay ərzində gənclər əyani olaraq bank fəaliyyətinin əsas istiqamətləri, o cümlədən, kreditləşmə, investisiyalar, bazarın araşdırılması və digər sahələrdə fəaliyyət göstərən departamentlərin işi ilə yaxından tanış olmuşlar. Təcrübə proqramı bitəndən sonra iştirakçılar sertifikatlarla təltif edildilər.
Tələbələrlə görüş zamanı Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov qeyd etmişdir ki, kadrlar - istənilən biznesin effektiv inkişafı üçün ən başlıca ehtiyatdır. T. Kazımov eyni zamanda çıxışında demişdir: "Bu səbəbdən, həyata keçirilən Korporativ Sosial Məsuliyyət strategiyamız çərçivəsində biz gənc mütəxəssislərin işə hazırlıq səviyyəsinə böyük əhəmiyyət veririk. Bundan sonrada biz təcrübə proqramını davam etdirməyi və genişləndirməyi planlaşdırırıq. Əminik ki, əldə olunmuş bilik və bacarıqlar gənclərin gələcəkdə işlə təmin olunmasına müsbət təsir göstərəcəkdir".