Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir Maksim Tsurkov/
2014-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda "Visa" kartları üzrə tranzaksiyaların sayının illik artımı 41 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu "Visa" şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev Visa-nın Bakıda "İnnovativ ödəniş həlləri" mövzusunda keçirdiyi "dəyirmi masa" çərçivəsində deyib.
Onun sözlərinə görə, ödənişlərin həcminin illik artımı 29 faiz olub: "Bununla belə, ölkə daxilində ödənişlərin həcminin artımı 68 faiz təşkil edib. Hazırda şirkət xüsusi sertifikata malik 5 bank-emitenti və 5 bank-ekvayeri sertifikasiyadan keçirib (Azərbaycan Beynəlxalq Bankı, AtaBank, Paşa Bank, Bank Technique, Bank Respublika). İlin sonunadək bank-emitentlərin sayı artırılacaq. Ümumilikdə, hazırda 35 bankla çalşırıq (Azərbaycanda 44 bank fəaliyyət göstərir - red.). Daha bir neçə bank əməkdaşlığa maarq göstərir".
N.Hacıyev qeyd edib ki, sentyabrda, həmçinin təmassız ödənişlərin tətbiqinə başlanılıb: "Hazırda statistik məlumatlarımız yoxdur, lakin Azərbaycanda təmassız tranzaksiyaların tətbiqinin ümumi kart dövriyyəsinə nisbəti artır. Keçmiş SSRİ ərazisində bu göstərici üzrə lider Gürcüstandır. Burada təmassız ödənişlər 14,8 faiz təşkil edir".
Visa-nın Qafqaz ölkələrində biznesin inkişafı üzrə regional meneceri İrina Kamxadze bildirib ki, ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişində maraqlı olan banklarla danışıqlar aparılır: "Bu növ xidməti göstərməkdə maraqlı olan banklar var. Biz onlarla yol kartlarının tətbiqi imkanları barədə danışıqlar aparırıq. Bundan başqa, nəqliyyatda gediş haqqının təmaslı və təmassız kartlarla ödənilməsi sahəsində konsultativ xidmətlər göstəririk".
Hazırda "Bank of Azerbaijan" nəqliyyat kartlarını buraxır.
Visa-nın MDB və Cənub-Şərqi Avropa ölkələrində nağdsız ödənişlərin qəbulu şəbəkəsinin inkişafı üzrə departamentin rəhbəri İqor Noça isə deyib ki, Azərbaycanda təmassız bankomatlar və POS-terminallar şəbəkəsi xeyli genişlənir: "Banklar artıq təmassız modulların quraşdırılması üzrə işlərə başlayıblar. 2015-ci illərdə bütün terminallar onunla təchiz olunacaq. Qazaxıstanda həmin modullar quraşdırılandan bəri belə terminalların payı artıq 35 faiz təşkil edir və biz Azərbaycanda analoji dinamikaya ümid edirik. Ümumilikdə, proqnozlarımıza əsasən, beş ildən sonra dünyada təmassız terminallar müasir terminalları tam olaraq sıxışdıracaq".