...

Göyçay və ətraf rayonlarda 80-dən çox yeni iş yeri yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 17:06 (UTC +04:00)
Bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirilib.
Göyçay və ətraf rayonlarda 80-dən çox yeni iş yeri yaradılacaq

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Göyçay və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, intensiv bağçılıq və nar tingçiliyi təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətovun sözlərinə görə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4968 sahibkara 262,9 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9113 investisiya layihəsinin maliyyələşdirilməsinə 404,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik, toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Göyçay və ətraf rayonlardan olan 56 sahibkara 768,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Göyçay rayonunda güzəştli kredit ayrılmış tutumu 2 min ton olan logistik mərkəzin fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti