...

Azərbaycan Gürcüstana turist qatarı yola salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 12:55 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı yola sala bilər.
Azərbaycan Gürcüstana turist qatarı yola salacaq

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı yola sala bilər. Bu barədə cümə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə 5 gün qeyri-iş günü olacaq.

N.Əzməmmədov deyib ki, Gürcüstan istiqamətində böyük sərnişin axını gözlənilir və bunun üçün QSC turist qatarının yola salınmasına hazırlıq görür: "Hazırda turizm şirkətlərindən müraciətlər qəbul edirik. Qatarın yola salınması və gəlməsi üzrə yekun qərar bu müraciətlərin əsasında qəbul ediləcək".

Onun sözlərinə görə, turistlərin tələbatından asılı olaraq Bakıdan Tbilisiyə qatar dekabrın 29-da, yaxud 30-da göndərilə bilər. Tbilisidən qatar yanvarın 1-də və ya 2-də yola düşə bilər.

N.Əzməmmədov onu da bildirib ki, bayram günlərində sərnişinlərin böyük axını nəzərə alınaraq bütün daxili reyslərin qatarlarına əlavə vaqonlar qoşula bilər: "Sərnişinlərin sayından asılı olaraq bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşula bilər".

Mətbuat xidmətinin rəhbəri sərnişinlərə xatırladıb ki, biletləri qatarın yola salınmasına 10 gün qalmış almaq lazımdır. Əlavə vaqonlara biletlərin satışı onların qatara qoşulduğu gün həyata keçiriləcək.

Onun sözlərinə görə, Yeni il bayramı günlərində QSC gücləndirilmiş iş rejiminə, dəmiryol vağzalı və stansiyalar isə növbəli iş rejiminə keçəcək: "Bu, həm sərnişin qatarlarına, həm də yük qatarlarına aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti