...

Azərbaycan və Koreya kapital bazarları üzrə plan imzalayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2015 20:38 (UTC +04:00)
Fevralın 25-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və Koreya kapital bazarları üzrə plan imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjasının nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Koreya Birjası, Koreya Milli Assambleyasının üzvləri, həmçinin Koreya Respublikasının Azərbaycandakı səfiri iştirak ediblər.

QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək, hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli iqtisadi, siyasi və sosial münasibətlərə verdiyi töhfədən danışıb.

Sədr Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarındakı işgüzar fəaliyyətinin hər iki ölkə üçün vacib olduğunu vurğulayıb. R.Aslanlı ölkəmizin kapital bazarlarının yüksək dinamika ilə inkişaf etdiyini, ardıcıl islahatlar nəticəsində bu inkişafın növbəti mühüm mərhələyə qədəm qoyduğunu qeyd edib. O, komitə əməkdaşlarının Koreyaya intensiv səfərləri sayəsində bu ölkənin kapital bazarlarının fəaliyyətinin dərindən öyrənildiyini diqqətə çatdırıb.

Komitə sədri QKDK ilə Koreya Birjası arasında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması sahəsində əməkdaşlığın Azərbaycanda daha mütərəqqi və müasir qlobal kapital bazarlarına inteqrasiya imkanı olan bazar infrastrukturu əldə ediləcəyinə əminlik ifadə edib. Birgə əməkdaşlıq münasibətilə nümayəndə heyətinə minnətdarlıq edən R.Aslanlı sözügedən layihədən əldə olunacaq uğurlu nəticələrin Koreya şirkətlərinin regionda mövcudluğu üçün yeni imkanlar yaradacağına inandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Koreya Birjasının sədri Kyunqso Çoi Azərbaycanın kapital bazarları sferasında irimiqyaslı layihələrin həyata keçirildiyini müsbət qarşılandığını və "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsi çərçivəsində "Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması" komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə keçirilmiş tenderdə Koreya şirkətinin qalib gəlməsindən qürur duyduğunu xatırladıb. K.Çoi ölkəsinin Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsi üçün ən mükəmməl sistem tətbiq edəcəyinə əmin olduğunu bildirib. Həmçinin, Koreya Birjasının sədri "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsi çərçivəsində görülən işlərin Azərbaycan kapital bazarlarının inkişafına təkan verməyə xidmət edəcəyini qeyd edib.

Mötəbər tədbirə dəvət olunmaqdan məmnun olduğunu bildirən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn ölkələrimiz arasında mövcud olan iqtisadi, mədəni və diplomatik əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışaraq, Koreya-Azərbaycan işgüzar əməkdaşlığının bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan hökumətinin kapital bazarlarının inkişafı və infrastrukturunun təkmilləşdirilməsi sahəsində sürətli inkişaf tempi əldə etdiyini vurğulayaraq, Koreyanın informasiya-kommunikasiya texnologiyaları istiqamətində qazandığı bilik və təcrübələri Azərbaycanla bölüşməkdə maraqlı olduğunu qeyd edib. Səfir Koreya şirkətlərinin Azərbaycana böyük maraq göstərərək bir sıra layihələrin icrasında yaxından iştirak etdiklərini və belə layihələrin bundan sonra da həyata keçirilməsinin vacibliyindən danışıb.

Görüşün davamında kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması üzrə tədbirlərin effektiv, vaxtında və ardıcıl icra olunmasını təmin etmək məqsədilə QKDK və Koreya Birjası arasında Kapital Bazarlarının İnformasiya Sistemləri Layihəsi Planı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti