...

Ekspert: Azərbaycanda torpaqların qiymətləndirilməsi üzrə vahid assosiasiya yaratmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2015 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Azad Həsənli/

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) Avropa İttifaqının TAIEX yardım aləti çərçivəsində "Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları" mövzusunda təlim keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini Tomas Petek ölkəmizdə səfərdə olub. Tədbirdə komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

Bu təlim Sloveniya təcrübəsinə həsr olunmuş torpaqların müasir üsulların tətbiqi ilə səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, torpaqların təyinatının dəyişdirilməsinin əsaslandırılması və torpaq idarəçiliyinə həsr olunmuş digər mövzuları əhatə edib.

Təlimi aparan T. Petek 1991-ci ildə müstəqillik qazandıqdan sonra Sloveniyanın əldə etdiyi torpaq islahatı ilə bağlı təcrübəni geniş şəkildə təlim iştirakçılarına çatdırıb. Seminarda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları Sloveniya təcrübəsinə həsr edilmiş seminarda bu sahədə Sloveniyanın əldə etdiyi məlumatları yüksək qiymətləndirilib. Tədbir iştirakçıları və ekspertin rəyinə görə, Azərbaycanda torpaqların idarə olunmasında Sloveniya təcrübəsi də daxil olmaqla Avropa İttifaqında tətbiq olunan standartlardan istifadə edərək aşağıdakı sahələrdə təkmilləşdirmənin nəzərə alınması zəruri olardı:

- Torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması;

- Daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması;
- Torpaqların qiymətləndirilməsində Vahid Assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi;

- Torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılması;

- Vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün e-hökumət vasitəsilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi;

- Əməliyyatların müasir texnologiya və elektron hökumət sisteminə əsaslanmaqla həyata keçirilməsi;

Beləliklə, TAIEX yardım aləti çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.

Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada INSPIRE təşəbbüsü tətbiq edilir. INSPIRE - məkan məlumatlarının vahid bazadan alınması modelidir.

Bu sahədə növbəti addım kimi Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti