...

Aydın Əliyev gömrük-buraxılış prosedurunun sadələşdirilməsindən danışdı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2015 17:44 (UTC +04:00)
Azərbaycanda gömrük-buraxılış prosedurunun sadələşdirilməsi ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edir.
Aydın Əliyev gömrük-buraxılış prosedurunun sadələşdirilməsindən danışdı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 16:24-də yayılıb)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda gömrük-buraxılış prosedurunun sadələşdirilməsi ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib: "Qeyd etmək istəyirəm ki, bu sadələşdirmə yalnız şəxsi istifadə məqsədilə gətirilən mallara aiddir. Söhbət ölkəyə ticarət və ya istehsal məqsədilə gətirilən mallardan getmir".

A.Əliyev vurğulayıb ki, Azərbaycan büdcəsi vergi və gömrük daxilolmaları hesabına formalaşır, buna görə də ölkəyə ticarət və ya istehsal məqsədilə gətirilən mallar mövcud qanunvericiliyə uyğun olaraq gömrük rüsumlarına cəlb ediləcək: "Bu qərarın (gömrük proesurlarının sadələşdirilməsi haqqında - red.) dövlət büdcəsinə daxilolmaların həcminə təsir edib-etməyəcəyi barədə mülahizə yürütmək hələ tezdir. Azərbaycan Prezidentinin mövcud fərmanının tətbiqi üzrə mexanizmlər hazırlandıqdan və müəyyən hesablamalar aparıldıqdan sonra bu barədə dəqiq söz demək mümkün olacaq".

Qeyd edək ki, oktyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısı gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə qərara alıb ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti