...

Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının lokomotivi kimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 19:57 (UTC +04:00)

Neftin dünya bazar qiymətinin kəskin azalması, qlobal və regional çətinliklər, eləcə də əsas ticarət tərəfdaşlarımızda milli valyutaların kəskin devalvasiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Qlobal enerji bazarında müşahidə edilən qiymət azalmaları Azərbaycanın neft satışından dövlət gəlirlərinin 3 dəfədən çox azalmasına səbəb olmuşdur. Bu isə MDB-nin bütün enerji dövlətlərində olduğu kimi bizim ölkəmizə daxil olan valyutanın həcminin azalmasına səbəb olub ki, bu da milli valyutamıza təzyiqi artırıb.

Bu il yanvarın 18-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət qarşısında konkret hədəflər müəyyənləşdirmişdir. Ölkə Prezidentinin vurğuladığı məsələlərdə 2015-ci il ölkədə baş verən iqtisadi böhran, qlobal dünyada baş verən bir sıra iqtisadi proseslərin Azərbaycana təsirinin yaratdığı amillər, 2016-cı il üçün qarşıda duran prioritetlərin dövlət qurumları qarşısında həll ediləcək məsələ kimi qoyulması əsas yer tutmuşdur. Azərbaycan Prezidenti bəyan etmişdir ki, ölkəmiz nefti unutmalı və inkişafı məhz qeyri-neft sektoru üzərində qurmalıdır. Qeyri-neft sektorunun inkişafı birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasına və böhrana dayanıqlı iqtisadi sistemin formalaşmasına imkan verəcək.

Azərbaycan Prezidenti struktur islahatlarının genişləndirilməsi ilə bağlı öz tapşırıqlarını vermişdir. Qlobal dünyada baş verən iqtisadi proseslər, xüsusilə dünya neft bazarında nəzərəçarpan qiymət enmələri Azərbaycan dövlət büdcəsinə də təsirsiz ötüşməmişdir. Büdcədə olan maliyyə mənbələrinin yenidən səmərəli xərclənməsi, dövlət vəsaitlərinə qənaət etmək və o cümlədən hazırkı durumda bir sıra dövlət qurumlarının ləğv olunması aktualdır. Hazırda ölkədə 19 nazirlik, 11 dövlət komitəsi, 8 komissiya, 9 mərkəz və şura, 8 dövlət agentliyi fəaliyyət göstərir. Artıq Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvini ölkədə yaxın müddətdə reallaşdırılacaq digər struktur islahatların başlanğıcı və təkanı kimi qiymətləndirmək mümkündür. Sözügedən agentliyin ləğvi həm büdcə ayırmalarına qənaət imkanı yaradacaq, həm də tenderlərin keçirilməsi ilə bağlı proseduraların sadələşdirilməsinə imkan verəcək.

Qeyd olunan məsələyə təkcə dövlət vəsaitlərinin qənaəti kimi deyil, passiv idarəetmə sistemindən çevik idarəetmə sisteminə keçid kimi müəyyənləşdirilə bilər və o cümlədən qarşıda həyata keçiriləcək iqtisadi islahatların idarə olunmasına dəstək göstərəcək. Azərbaycan Respublikası Prezidentinin struktur islahatların olması ilə bağlı verdiyi mesaj bu yöndə proqnozlaşdırılan islahatların reallaşacağına və sağlamlaşdırılacağına əsas yaradır.

Ölkə Prezidenti sahibkarlığın inkişafının dövlətimizin qarşısında dayanan əsas məqsəd olduğunu bildirmişdir. Sahibkarlığın inkişafı baxımından hazırda Prezidentin qarşıya qoyduğu məsələ idxal-ixrac prosesinin şəffaflaşdırılması, ölkəyə xarici investisiyanın, xüsusilə qeyri-neft sektoruna xarici kapitalın qoyulmasıdır. Dünya praktikasını nəzərə alaraq qeyd etmək istəyirik ki, yalnız məhsulların qeydiyyatında elektronlanlaşma olarsa və bu sistem ölkədə şəffalıq, keyfiyyətli xidmət reputasiyasını özündə birləşdirən "ASAN xidmət"ə verilərsə, qarşıdakı müddətdə müəyyən nəticələr almaq olar. Sahibkarlıq subyektlərinin qarşısında dayanan süni baryerlərdən sayılan lisenziya verilmə xidməti sahəsində aparılan islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qarşısından bürokratik amilləri aradan qaldırdı. Yəni sahibkar bir dəfə lisenziya alacaq və lisenziya müddətsiz olaraq veriləcək. Əvvəlki qaydalara görə isə, sahibkarlar hər 5 ildən bir lisenziya almalı olurdular və hər 5 ildən bir ödəniş etməli olurdular.

"Elektron lisenziya" portalının formalaşması lisenziya və xüsusi icazələrin verilməsi proseslərinin tamamən elektronlaşmasına gətirib çıxaracaq ki, bu da kifayət qədər sadə və lisenziyaların alınması üçün elektron müraciət formasının tətbiq edilməsi deməkdir. Yeni qanuna əsasən lisenziyanın alınması üçün bütün sənədlər təqdim ediləndən sonra lisenziya 2 gün ərzində sahibkara təqdim ediləcək. Bu lisenziyaların verilməsi sahəsində pozitiv inqilabi islahat kimi qiymətləndirilməlidir. Azərbaycan lisenziyaların alınması üçün tələb edilən günlərin sayına inkişaf etmiş ölkələrin cəmləşdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə orta göstəricidən 3 dəfədən çox azdır. Bu isə o deməkdir ki, ölkəmiz lisenziyaların verilməsi üçün tələb edilən günlərin sayına görə hətta inkişaf etmiş dövlətlərdən belə öndə olacaq. Yeni qaydalar isə sahibkara imkan verəcək ki, yalnız bir ödəniş etməklə müddətsiz lisenziya ala bilsinlər. Eyni zamanda regionlarda fəaliyyət göstərən sahibkarlar lisenziyanı 50% güzəştlə alacaqlar. Bütün bunlarI özündə formalaşdıracaq amillər sahibkarların xərclərində azalmalara səbəb olacaq. Bu isə regionlarda lisenziya və xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından olduqca vacib addımdır. Yuxarıda sadalananlarının, müvafiq olaraq idxal-ixrac inhisarçılığının ləğvi və elektronlaşması sahibkarın xərclərini azaldacaq və bazara daha ucuz məhsulların çıxarılmasına şərait yaradacaqdır.

İnhisarçılığın ləğvi və elektronlaşması nəinki yerli sahibkarların fəallığını artıracaq, həm də xarici investorların da ölkəyə gəlməsini sürətləndirəcək. Nəzərə alsaq ki, hazırda pul-kredit siyasətinə əsasən ölkəyə təxirəsalınmaz şəkildə xarici valyuta ehtiyatları lazımdır, qeyd olunan tədbirlər xarici investorların ölkəyə gəlməsini stimullaşdıracaq.

Yanvarın 18-də Prezidentin keçirdiyi müşavirədə də müzakirə edilən ən önəmli məsələ qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi idi. Son müşavirənin də verdiyi mesaj bundan ibarətdir ki, neftdən olan asılılıq, həmçinin Dövlət Neft Fondunun transfertlərinin qarşıdakı illər ərzində azaldılması qarşıya qoyulan əsas prioritetdir. Azərbaycan Prezidenti eyni zamanda bildirdi ki, ölkəmizin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.

Bu il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 250 milyon manat güzəştli kreditlər veriləcək. Sahibkarların öz maliyyə resurslarını da nəzərə alsaq regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkəmiz xarici valyuta cəlb etməklə cari tələbləri ödəmək, genişmiqyaslı islahatlar yolu ilə isə qeyri-neft sektorunun ixrac qabiliyyətinin yüksəlməsi ilə valyuta daxilolmalarını artıra biləcək.

Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara təkan verildi. Bu prioritetlərin reallaşması birmənalı şəkildə ölkəmizdə diversifikasiya edilmiş iqtisadi inkişafa nail olmağa imkan yaratmaqla məşğulluq sferasında, istehlak və valyuta bazarında stabilliyin formalaşmasına səbəb olacaq.

Vüqar Bayramov,
İqtisadi və Sosial İnkişaf Mərkəzi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti