...

Biznesin yoxlanılması üzrə moratoriumun uzadılması müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2016 15:29 (UTC +04:00)
Təkliflərin ümumiləşdirilərək hazırlanacaq strateji yol xəritəsində nəzərə alınması qərara alınıb.
Biznesin yoxlanılması üzrə moratoriumun uzadılması müzakirə olunub

Bakı. Azad Həsənli - Trend:

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiq edilməsi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Prezidentinin 16 mart 2016-cı il tarixli sərəncamı ilə yaradılmış İşçi qrupunun üzvü, Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev iyunun 11-də Yevlax şəhərində Aran iqtisadi rayonuna daxil olan Yevlax, Mingəçevir, Ucar və Ağsu rayonlarının elm və iş adamları, kiçik və orta biznes, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına verdiyi məlumata görə, tədbirin təşkilində əsas məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin tanıtımını keçirmək, hazırlanacaq bu sənədə dair yerli sahibkarların, iş adamlarının və elmi müəssisələrin təklif və rəylərini əldə etmək, eyni zamanda strateji yol xəritəsini ictimai məhsul kimi təqdim etməkdən ibarət olub.

Görüşdə, həmçinin Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İşçi qrupunun üzvü, ADA Universitetinin prorektoru Emin Hüseynov və Yevlax şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

İşgüzar şəraitdə keçən görüşdə İşçi qrupunun üzvləri və Prezident Administrasiyasının nümayəndələrinin çıxışları maraqla izlənilib, eyni zamanda iştirakçılar hazırlanacaq strateji yol xəritəsinə daxil edilməsi üçün faydalı təklif və tövsiyələrini səsləndiriblər.

Əsas etibarilə maliyyə xidmətlərinə və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, regionlarda sadələşdirilmiş vergi sisteminin geniş tətbiqi, vergi yükünün azaldılması, yoxlamalara qoyulmuş moratoriumun vaxtının uzaldılması, əmək məhsuldarlığının artırılması tədbirləri, uçot-statistika işinin təkmilləşdirilməsi, kənd təsərrüfatı təyinatlı ixtisaslı kadrların yetişdirilməsi, şəffaflıq, maliyyə savadlılığının artırılması və bu məqsədlər üçün televiziya məkanlarından fəal istifadə edilməsi və s. barədə təkliflər səsləndirilib.

Yekunda səsləndirilən təkliflərin ümumiləşdirilərək hazırlanacaq strateji yol xəritəsində nəzərə alınması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti