...

“Şimal-Cənub” Dəhlizinin tikintisi ilə bağlı 315 ev və qeyri-yaşayış sahəsi köçürülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2016 12:57 (UTC +04:00)
Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşu davam edir.
“Şimal-Cənub” Dəhlizinin tikintisi ilə bağlı 315 ev və qeyri-yaşayış sahəsi köçürülüb (FOTO)

Bakı. Trend:

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin yatağında torpaq yatağının hazırlanmasına başlanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510 000 kubmetr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib.

Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib.

Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyektin (yaşayış və qeyri-yaşayış sahəsi) əksəriyyəti köçürülüb, qalanların sənədləşməsi aparılır.

Sentyabrın əvvəlində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolunun qoyuluşuna başlanıb. Artıq 5 km yol qoyulub.

Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünün dayaqları (4 dayaq) və istinad divarları tikilib. 27 tirdən 15-nin betonu tökülüb, hazırda qalanlarının karkası yığılır.

İşlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Saziş"ə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti