Bakı. Firəngiz Ağalarova - Trend:
Bir neçə gün əvvəl “Trend” informasiya agentliyinin konfrans zalında ITF GROUP şirkətinin mətbuat konfransı keçirilib. Konfrans zamanı şirkətin təsisçisi Ağahəsən Mürtəci və baş direktoru Nizami Gözəlov KİV nümayəndələrinə elan edib ki, bu il bir neçə beynəlxalq sərgi keçiriləcək.
N.Gözəlov 2017-ci ildə planlaşdırılan sərgilər barədə daha ətraflı məlumat verib.
28-30 iyun tarixlərində Bakı Ekspo Mərkəzində ITF GROUP-un təşkil edəcəyi və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (“AzPromo”), Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, İpək Yolunda Sahibkarlığa Dəstək İctimai Birliyinin dəstəyi ilə istehsalçı firmaların və onların distribütorlarının təmsil olunduğu avtomobil, ehtiyat hissələr, avadanlıqlar və aksessuarların beynəlxalq sərgisi - "Caspian Motor Show" keçiriləcək. 8000 m² sahədə keçiriləcək sərgiyə bütün məşhur avtomobil istehsalçıları və onların distribütorları dəvət olunub.
A.Mürtəci deyib: “Bu sərginin məqsədi avtomobil sahəsində yeni texnologiyaların və yeni nailiyyyətlərin nümayiş etdirilməsidir. Biz ekologiyanın mühafizəsinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasının tərəfdarıyıq. Ona görə də biz sərgidə bunları həyata keçirməyə imkan verən texnologiyaları nümayiş etdirmək istəyirik”.
Nizami Gözəlov öz növbəsində qeyd edib ki, bu sərgi Azərbaycanın avtomobil sahəsində maraqlı olan xarici investorları cəlb etməyə imkan yaradacaq, ölkəmizə investisiya axını isə avtomobil istehsalının inkişafını təmin edəcək. “Bu cür tədbirlərin keçirilməsi təkcə iqtisadi perspektivlər açmır, həm də ölkəyə investisiyanın cəlb olunmasına imkan yaradır. Bununla əlaqədar olaraq biz bu sərgiyə məmnunluqla iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərini, eləcə də bu sahə ilə məşğul olan təşkilatları və ekspertləri dəvət edirik”.
A.Mürtəci əlavə edib: “Ümid edirik ki, sərgi mühiti, qonaqlarla iştirakçılar arasındakı ünsiyyət iqtisadiyyatın yaxşılaşmasına, istehsalat sektorunun güclənməsinə, investisiyaların cəlb olunmasına, yeni layihələrin yaradılmasına və yeni iş yerlərinin açılmasına xidmət edəcək”.
Bundan başqa ITF Group-un təsisçisi bildirib ki, fikir və təcrübə mübadiləsi məqsədilə sərgi ilə paralel olaraq Azərbaycanda avtomobil istehsalı ilə tanış olmaq istəyən beynəlxalq şirkətlərin, eləcə də bu sahə üzrə ekspertlərin, mütəxəssislərin və tədqiqatçıların iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 25 il ərzində 200-dən çox müxtəlif sərgi və biznes-forumlar təşkil etmiş ITF Group tərəfindən bu il "Caspian Ind Expo" (Caspian Industry Expo) Beynəlxalq səbaye sərgisi (13-15 sentyabr) və "Halal Product Expo" Beynəlxalq halal məhsullar sərgisi (13-15 dekabr) təşkil ediləcək.