...

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2022 10:44 (UTC +04:00)
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib (FOTO)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş və dünyanın müxtəlif ölkələrindən yüzlərlə startapın iştirak etdiyi Qlobal Sahibkarlıq Konfransında Azərbaycan startapları da öz layihələrini təqdim ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (Monshaat) və Beynəlxalq Sahibkarlar Şəbəkəsinin (GEN) təşkilatçılığı ilə keçirilmiş konfransda KOBİA-nın dəstəyi ilə startaplarımız xaricdə onlayn təhsil və təchizatçılarla tədarükçüləri bir araya gətirən onlayn platformalar ilə təmsil olunublar.

27-30 mart tarixlərində keçirilmiş Qlobal Sahibkarlıq Konfransı çərçivəsində startapçılarımız layihələrini xarici investorlara təqdim edib, bu istiqamətdə bir sıra görüşlər keçiriblər.

Qeyd edək ki, KOBİA-nın fəaliyyət istiqamətlərindən biri də startap ekosisteminin inkişafına dəstək verməkdir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Ər-Riyadda ölkəmizi təmsil edən "Unibroad" MMC və "Supply Chain Community" MMC-yə də “Startap” şəhadətnamələri verilib. KOBİA həmçinin, yerli startap layihələrinə dəstək məqsədilə qrant verir, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti