Bakı. Trend:
Avstriya Orta Dəhlizi qlobal yük daşımaları şəbəkəsinin bir hissəsi kimi istifadəsinə sadiq olduğunu təsdiq edir və onun inkişafına öz töhfəsini verəcək.
Trend xəbər verir ki, bu barədə "Avstriya Federal Dəmir Yolları"nın Avrasiya və Mərkəzi Asiya ilə əlaqələr üzrə şöbə rəhbəri Eniko Dyerfi Bakıda "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı keçirilən konsultativ görüşdə bildirib.
O, qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya arasında əsas bağlantı nöqtəsidir və onun "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması üzrə təşəbbüsü bu vacib rolu təsdiqləyir.
"Bakıda keçirilən bu görüş beynəlxalq tərəfdaşlığa sadiqliyi əks etdirir. Əslində, 'Dəmir İpək Yolu' yalnız bir marşrut deyil, eyni zamanda Avrasiya ölkələrinin əlaqəsi, əməkdaşlığı və ortaq məqsədlərinin simvoludur", - o vurğulayıb.
Eniko Dyerfinin fikrincə, Avrasiyadan keçəcək bu dəmir yolu, Çin, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa iqtisadiyyatı üçün həyati əhəmiyyətə malikdir.
"Bu, İnsanları, biznesi və imkanları əvvəllər mümkünsüz görünən yollarla birləşdirəcək. Biz qlobal mənzərədə sürətli dəyişikliklərin baş verdiyi unikal və mürəkkəb bir dövrdə yaşayırıq və bunlara sürətli reaksiya tələb olunur", - OBB nümayəndəsi əlavə edib.
O, nəqliyyat və logistika sahəsində əməkdaşlığın indiki dövrdə hər zamankindən daha vacib olduğunu və buna görə də effektiv və təhlükəsiz nəqliyyat marşrutlarının zəruri olduğunu vurğulayıb.
"Bu səbəbdən, "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası kimi təşəbbüslər iqtisadi və strateji baxımdan çox önəmlidir", - o qeyd edib.