Antiinhisar Siyasəti Departamenti ətriyyat və kosmetika bazarında istehlakçıların hüquqlarına riayət olunmasını araşdırmaq məqsədilə monitorinq keçirib. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti üzrə Departamentinin məlumatında bildirilir. Monitorinq 6 idxal və 16 satış fəaliyyətini həyata keçirən təsərrüfat subyektində aparılıb.
Yoxlamalar zamanı Fransa, İtaliya, Almaniya və digər Avropa ölkələrindən respublikaya ətriyyat və kosmetika mallarını idxal edən subeyktlərin fəaliyyətlərində, malların üzərindəki adlar və onların istifadə qaydaları haqqında məlumatların Azərbaycan Respublikası "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununda göstərildiyi kimi Azərbaycan dilinə tərcümə olunmaması faktı istisna olmaqla başqa ciddi nöqsanlar aşkar olunmayıb. Bununla yanaşı, xarici dövlətlərin ətriyyat və kosmetika malları istehsalı şəbəkələrinin, Azərbaycanda "şəbəkə" vasitəsilə satışını həyata keçirən bəzi nüymayəndəlikləri tərəfindən qiymət cədvəlləri rus dilində tərtib olunur.
Bakı şəhərinin müxtəlif yerlərində fəaliyyət göstərən ətriyyat və kosmetika mallarının satışı mağazalarında malların üzərində Fransa, İtaliya, İspaniya, İngiltərə, Danimarka, İsveçrə və digər Avropa dövlətləri mənşə ölkəsi kimi göstərilir. Lakin malların mənşəyini təsdiq edən sənədlərin olmaması, qiymət və qablaşdırmanın əsl (orijinal) nümunələrdən fərqlənməsi malların, həqiqətən də, müvafiq tanınmış şirkətlərin istehsalı olmamasını sübut edir. O cümlədən, Çində istehsal olunan mallar ən ucuz qiymətə, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə istehsal olunan mallar isə nisbətən baha qiymətə satılır. Çində istehsal olunan Chanel 1 AZN qiymətinə satıldığı halda, Türkiyədən və Dubaydan gətirilən saxta Chanel-in qiyməti isə 4 AZN-dən 40 AZN-ə qədər olur.
Aparılan yoxlamalar zamanı qanun pozuntularına yol verən şəxslərə qarşı müvafiq tənbeh tədbirləri görülüb və cərimələr tətbiq edilib. Hazırda departament bazarın monitorinqini davam etdirir.