Azərbaycan İxracın Təşviqi və İnvestisiya Fondu (AzPROMO) ilə Koreya İxracın Təşviqi və İnvestisiya Agentstliyi (KOTRA) arasında qarşılıqlı əməkdaşlıq üçün qarşılıqlı anlaşma barədə Memorandum imzalayıb. Trend in AzPROMO-nun press-relizinə istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə Koreyanın ticarət, sənaye və energetika naziri Syu Kuin Çanqın görüşü zamanı keçirilib. Sənədi AzPROMO prezidenti Emil Məcidov və KOTRA-nın rəhbəri Xonq Ki Xua imzalayıb.
Tərəflər iki ölkə arasında ticarət və sənaye sahəsində əlaqələrin möhkəmlənməsi, ticarət və investisiya forumlarının, konfransların və digər tədbirlərin keçirilməsi üzrə səylərin artırılması barədə razılığa gəliblər.
Mayın 11-də Azərbaycan-Koreya biznes-forumu çərçivəsində AzPROMO ilə KOTRA arasında qarşılıqlı anlaşma barədə memorandum imzalanıb. E.Məcidovun sözlərinə görə , bu razılaşma Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı perspektiv yaradır. "Mən qarşımıza qoyduğumuz məqsədlərə çatacağımıza əminəm", - deyə E.Məcidov bildirib.