Bu gün Bakıda Avropa Birliyi (AB) və Beynəlxalq Epizootik büronun (BEB) (Office International des Epizooties (OIE) Avropa üzrə Regional komissiyasının üzv ölkələrinin seminarı öz işinə başlayıb. Bu barədə Trend xəbər verir.
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, ölkənin aqrar strategiyasının başlıca elementlərindən biri - baytarlıq xidmətinin fəaliyyətinin lazımi səviyyədə təşkilidir. Məhz bu baxımdan nazir həmin tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
Oktyabrın 7-də başa çatacaq seminarın işində ölkənin dövlət qurumlarının, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin mütəxəssis və nümayəndələri iştirak edir.
Seminarın gündəliyinə BEB-in struktur və məqsədlərinin müzakirəsi, dövlət və özəl baytarlıq xidmətlərinin, heyvanların sağlamlığının mühafizəsi üzrə "Yeni dünya informasiya sistemi", suda-quruda yaşayan heyvanların sanitar məcəlləsi, AB baytarlığı üzrə təhsil proqramı, 2006-2010-cu illər üçün BEB-in dördüncü strateji planı, həmçinin heyvandarlıq məhsullarına verilən baytarlıq sertifikatlarının təqdimatı daxildir.
Tədbirdə BEB əməkdaşları Jan Lyuk Anqota, Jan-Lui Dyupua, Olqa Zorko və başqalarının məruzələri dinləniləcək.
Beynəlxalq Epizootik Büro (BEB) başlıca vəzifəsi dünyada heyvanların yoluxucu xəstəlikləri ilə mübarizədən ibarət olan beynəlxalq hökümətlərarası təşkilatdır. Təşkilat 1924-cü ildə yaradılıb. 16-dan artıq üzv-ölkəsi var. Təşkilatın qərargahı Parisdə yerləşir.