...

Azərbaycan hökumətinə ünvanlı sosial yardımın verilmə mexanizminin sadələşdirilməsi təklifləri təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 19:51 (UTC +04:00)
Azərbaycan hökumətinə ünvanlı sosial yardımın verilmə mexanizminin sadələşdirilməsi təklifləri təqdim olunub

Azərbaycan, Bakı/ Trend müxbir Ş.Əlizadə/ Azərbaycanda əhaliyə sosial yardım verilməsi qaydalarında dəyişiklik ediləcək. Bu barədə cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım şöbəsinin müdiri Natiq Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu dəyişikliklər ünvanlı sosial yardımın verilmə mexanizminin sadələşdirilməsinə yönəldilib.

"Artıq qaydalarda edilməsi planlaşdırılan dəyişikliklər barədə Nazirlər Kabinetinə təkliflər təqdim olunub. Hazırda müvafiq nazirlikdə bu məsələ ilə bağlı rəylər toplanılır. Güman edilir ki, növbəti həftənin sonunda məsələ həll olunacaq",-deyə Qasımov bildirib.

Kredit götürən şəxslərə də ünvanlı sosial yardımın verilməsi təklif ounub. Ancaq bunun üçün kreditlər müəyyən həddə məhdudlaşdırılmalıdır. Bu o məqsədlə edilir ki, kənd təsərrüfatı ilə məşğul olan ailələr kredit ala bilsinlər. Əvvəllər 1 inək, 5 qoyunu olan ailələrə yardım edilmirdi. İndi bu bəndin götürülməsi təklif olunur. Əvəzində təsərrüfatı olanların gəlirləri hesablanacaq. Son 6 ayda alqı-satqı ilə məşğul olan ailələrin gəlirlərinə qoyulmuş məhdudiyyətlər yaşayış minimumu ilə əvəzlənəcək.

Yardım ayrılan 6 ay müddətində ailənin gəlirində dəyişiklik olurdusa, yardım dayandırılırdı. Bundan sonra isə gəlirlər deyil, yaşayış minimumu nəzərə alınacaq.

Hazırda ölkə üzrə 55 min ailə ünvanlı sosial yardım alır. Onlardan 46 mini yeni yardım alanlardı. Orta hesabla ailəyə düşən məbləğ 66,08 manat, adam başına isə 14 manat 48 qəpik təşkil edir.

Xəbər lenti

Xəbər lenti