Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Cari ilin iyul ayından başlayaraq "Azərdəmiryolbank" ASC lizinq xidmətləri göstərilməsinə başlayıb. Bankın məlumatında göstərilib ki, bu məqsədlə bankda lizinq şöbəsi yaradılıb.
Bank yeni texnika və nəqliyyat avadanlıqlarının alınmasının maliyyələşdirilməsi xidmətlərini təklif edir. Alıcı tərəfindən aparılacaq ilkin ödəniş lizinq predmetinin qiymətinin 20-30% səviyyəsində olmalıdır. Lizinq müqaviləsinin imzalanma müddəti 48 aydır.
"Biz dəyəri 20 min manatdan az olmayan müqavilələrin bağlanması üzərində işləyirik. Hazırda 3-4 bu cür muqavilə baxılmaqdadır. Ümumiyyətlə, ilin sonunadək bank 3,5 mln. manat həcmində lizinq portfelini formalaşdırmaq niyyətindədir", - deyə lizinq şöbəsindən bildiriblər.
Lizinq əməliyyatlarının maliyyələşdirilməsinə dair sifarişlər ilkin mərhələdə yalnız bankın baş ofisində qəbul ediləcək. Amma yaxın 3 ayda müştərilərlə iş həmcinin filiallarda, o cümlədən regionlardakı filiallarda aparılacaq.