...

Ekspertlərin rəyi: "Əsrin müqaviləsi" Azərbaycana nə verib?

Energetika Materials 19 Sentyabr 2007 19:54 (UTC +04:00)
Ekspertlərin rəyi: "Əsrin müqaviləsi" Azərbaycana nə verib?

Azərbaycan, Bakı / Trend / Senyabrın 20-də, cümə axşamı Azərbaycanda "Neftçilər günü" və "Azəri-Çıraq-Günəşli" iri dəniz yataqları blokunun işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nin imzalanmasının 13-cü ildönümü qeyd olunacaq. "Neftçilər günü" 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə elan edilib.

20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Xəzərin Azərbaycan şelfinin neft-qaz resurslarının fəal şəkildə mənimsənilməsinin başlanğıcını qoyub. Hazırda "Azəri-Çıraq-Günəşli" yatağında sutkada 700 min barrel neft hasil edilir. Bu yaxınlarda hasilat sutkada 1 mln. barrelə çatacaq. Hasil olunan neft "Bakı-Tbilisi-Ceyhan" kəməri ilə ixrac edilir və Gürcüstanın Batumi limanına qədər dəmir yolu ilə nəql olunur. 2007-ci ilin ikinci rübünün sonunda "Çıraq" yatağından (1998-ci ilin noyabr ayından) 55 mln. tondan, "Azəri" yatağından isə 35 mln. tondan çox neft hasil olunub.

"Əsrin müqaviləsi"nin iştirakçıları BP (operator), Chevron, QNKAR, Inpex, Statoil, ExxonMobil, TPAO, Devon Energy, Itochu və Delta Hess şirkətləridir.

Azərbaycan Dövlət Neft Şirkətinin İctimaityyətlə əlaqələr şöbəsinin və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev:

- 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən imzalanan "Əsrin müqaviləsi" ölkənin beynəlxalq inteqrasiyasını gücləndirib. Bu, regionda əməkdaşlığın və bütün regionun inkişafına səbəb olub. Azərbaycan hazırda regional lider kimi çıxış edir. Azərbaycanda, eləcə də Azərbaycanın iştirakı ilə digər regionlarda enerji layihələrinin həyata keçirilməsi həm respublikanın, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

ABŞ səfirliyinin Azərbaycandakı nümayəndəsi Conatan Henik:

- "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan və Xəzər regionu üçün böyük əhəmiyyət daşıyır. Müqavilənin imzalanması ABŞ və digər ölkələrin dəstəyi ilə Azərbaycanın güclü və uzaqgörən siyasətinin nəticəsidir. Müqavilənin imzalanmasından 13 il sonra görünür ki, bu kəmər ("Bakı-Tbilisi-Ceyhan") qlobal energetika siyasətində xüsusi rol oynayır.

- "Paşa Sığorta" sığorta şirkətinin baş direktor müavini Nofəl Rzayev:

- "Əsrin müqaviləsi" Azərbaycanın 21-ci əsrə daxil olmasına kömək edən perspektivlər gətirib, iqtisadiyyatın inkişafının yüksək tempinə, sənayedə yüksək texnologiyaların cəlb edilməsinə, qeyri-neft sektorunun infrastrukturunun inkişafına, bazar iqtisadiyyatı bazasında müasir cəmiyyətin formalaşdırılmasına səbəb olub.

- Azərbaycan Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit şöbəsinin keçmiş müdiri Oqtay Haqverdiyev:

- 1997-ci ildən Azərbaycanda neft və qaz hasilatı artıb. Son iki il ərzində neft ixracının kəskin artımı, neft gəlirlərinin artması gözlənilir ki, bu da bir çox sosial problemləri həll etməyə imkan verəcək. Hazırda bir sıra infrastruktur layihələr məhz neft gəlirlərindən əldə olunmuş vəsaitlər hesabına həyata keçirilir.

Azərbaycanın "Bakcell" mobil rabitə opertor-şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri İlham Əfəndiyev:

- "Əsrin müqaviləsi" Azərbaycanın bütün iqtisadiyyatında canlanma yaradıb, neft, eləcə də qeyri-neft sektoruna investisiya axınını cəlb edib. Bu müqavilə gələcəkdə də ölkənin inkişafında böyük rol oynayacaq.

İnternet xidmətlərinin tədarükçüsü olan "Azərin" şirkətinin baş direktoru, Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri, parlamentin keçmiş üzvü Qalib Qurbanov:

- Bu müqavilənin mənası onun adında öz əksini tapıb. Azərbaycan böyük neft potensialına malik olmasına baxmayaraq, Xəzərin dibindən neft hasil etmək və onu dünya bazarında satmaq üçün nə texniki, nə də maliyyə imkanlarına malik olmayıb. Bu, dünya şirkətlərinin cəlb edilməsi, Qərbin köməyi sayəsində mümkün olub. Bu müqavilə mənim üçün həm də ona görə böyük əhəmiyyət kəsb edir ki, müqavilə layihəsinin hazırlanması zamanı mən parlamentin iqtisadi siyasət daimi komissiyasının sədr müavini vəzifəsini daşıyırdım və onun işlənib hazırlanması prosesində iştirak edirdim. "Əsrin müqaviləsi"nin hazırlanması zamanı mən layihənin lehinə səs verdim. Müqavilə Azərbyacanın Qərbə olan yolunu açdı, "Bakı-Tbilisi-Ceyhan" kəməri layihəsinin reallaşmasına imkan yaratdı.

"Standard Insurance" sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini Aydın Rəhmanov:

- "Əsrin müqaviləsi" dünya ictimaiyyətində və iqtisadiyyatında Azərbaycanın vizit kartıdır. Müqavilə ölkə iqtisadiyyatının inkişafına böyük təkan verdi.

Trend ın analitik mərkəzinin eksperti Ellada Xankişiyeva:

- "Əsrin müqviləsi"nin imzalanmasından 13 il sonra qəti şəkildə demək olar ki, Azərbaycanın qlobal eksperimenti baş tutub. Azərbaycanın müstəqillik əldə etdiyi dövrə təsadüf edən müqavilə Azərbaycan dövlətinin müstəqil siyasətinin dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına səbəb olub. Bu, ABŞ və Böyük Britaniya üçün ciddi bir təklif idi və baş verən hadisələr göstərdi ki, onlar seçimlərində yanılmayıblar.

Xüsusilə dünya bazarında neftin qiymətinin artması fonunda Azərbaycan iqtisadiyyatında müqavilənin rolu böyükdür. "Əsrin müqaviləsi" Azərbaycanın dünya bazarına inteqrasiyasında, bizim üçün vacib olan investisiyaların, menecmentin və texnolorgiyaların cəlb edilməsində mühüm rol oynayıb.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbərinin müavini Namiq Ağamalıyev:

- "Əsrin müqaviləsi"ni Azərbaycan hökumətinin uzaqgörən addımlarından biri hesab etmək olar. Dövlətin neft sənayesinin inkişafı hər il müasirləşən və güclənən dəniz nəqliyyatı donanmasının inkişafına da birbaşa təsir göstərir. Azərbaycan gəmiləri yalnız neft daşımır, həmçinin neft-qaz layihələri çərçivəsində dəniz əməliyyatlarına dəstək göstərir.

Deputat, Azərbaycan parlamentinin İqtisadi siyasət komissiyasının rəhbəri, Əli Məsimov:

- "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına təkan verib. Neftdən gələn gəlirlər dövlət büdcəsinin artmasına, sosial-iqtisadi layihələrin reallaşmasına və sosial problemlərin qismən həllinə səbəb olub.

"Multimedia" QHT informasiya sistemləri və texnologiyaları mərkəzinin direktoru, Azərbaycanın İnternet Forumunun prezidenti Osman Gündüz:

- "Əsrin müqaviləsi" Azərbaycanda iqtisadiyyatın, siyasətin, sosial həyatın canlanmasında ən mühüm faktora çevrildi. Bu müqavilə Azərbaycana MDB-nin o dövrkü geridə qalmış məkanından uzaqlaşmağa imkan verib. Bu gün biz bu müqavilənin bəhrəsini görürük və mən onun gələcəkdə ölkənin qeyri-neft sektoruna da müsbət təsir göstərəcəyini aydın görürəm. "Əsrin müqaviləsi" Azərbaycanın inkişaf yoludur.

Azərbaycanın Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cahangir Əliyev:

- "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan üçün yeni tarixi dövr başlandı. Bu sənəd neftin hasilatının artmasına səbəb olan heç də az əhəmiyyət daşımayan müqavilələrin imzalanmasının təminatçısı kimi çıxış edib. Müqavilə Azərbaycan iqtisadiyyatının ümumi inkişafı üçün təkan oldu. Əliyevin fikrincə, sentyabrın 20-də təkcə neftçilərin deyil, bütün azərbaycanlıların bayramıdır.

Azərbaycanın Azad İstehsalçılar Birliyinin rəhbəri Eyyub Hüseynov:

"Əsrin müqaviləsi" Azərbaycana siyasi saldo, var-dövlət və şan-şöhrət gətirdi.

Azərbaycanın "Azərcell" mobil rabitə operatoru-şirkətinin mətbuat katibi Rüfət Abbasov:

- 13 il bundan öncə imzalanmış "Əsrin müqaviləsi" təkcə energetika sahəsinin deyil, həmçinin Azərbaycan iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını qoydu.

Azərbaycanda yeganə regional bank olan "Gəncə Bank"ın İdarə Heyətinin sədri Fuad Musayev:

- "Əsrin müqaviləsi"nin imzalanmasından sonra iqtisadiyyatın bütün sahələrində irəliləyiş müşahidə olunur. Bakı dünyanın ən bahalı şəhərlərindən birinə çevrilib. 2007-08-ci illərdə gözlənilən böyük neft gəlirləri ilə ədaqədar olaraq bu gəlirlərin ölkənin bank sektoruna da xeyli təsir göstərəcəyi mümkündür ki, bu da bank sektorunun sürətli templərlə inkişafına imkan verəcək. Nailiyyətlərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli əsas problem olaraq qalır ki, bu problemin həlli Azərbaycan regionlarının daha sürətli templərlə inkişafı üçün xarici investisiyaların axınını aktivləşdirəcək.

Xəbər lenti

Xəbər lenti