...

BP tələbələr üçün təqaüd proqramı həyata keçirməyə başlayır

Energetika Materials 25 Sentyabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Sentyabrın 25-dən BP şirkəti "Tələbələr üçün təqaüd proqramı"na başlayır. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında göstərilib.

Bu təşəbbüs Azərbaycan Dövlət Neft Akademiyasında neft mühəndisliyi və geologiya ixtisaslarına yiyələnən 50-dək tələbəyə sponsorluq etmək məqsədi ilə təsis olunub. Proqram hazırda həm neft mühəndisliyi, həm də geoloji kəşfiyyat ixtisasları üzrə ali məktəbə daxil olmuş birinci kurs tələbələrinin hamısı üçün açıq olacaq. 2007-ci il noyabrın 15-dək ilk təqaüdçülər seçiləcək və proqramda iştirak edəcəklər.

BP-nin Azərbaycan Strateji İş İcrası Bölümünün insan ehtiyatları üzrə vitse-prezidenti Syü Adlam-Hillin sözlərinə görə,tələbələrin seçimi yüksək rəqabətə əsaslanan qəbul nəticələrinə, akademik nailiyyətlərə, fərdi qabiliyyətlərə və maddi ehtiyaclara əsaslanmaqla aparılacaq.

"Tələbələr üçün təqaüd proqramı" BP-nin Azərbaycan üçün yeni bir təşəbbüsüdür və Azərbaycanda neft-qaz ixtisasları üzrə təhsil almağa marağı olan tələbələri nəzərdə tutur.

Bu il BP şirkəti Azərbaycanda daha iki mühüm təhsil proqramına sponsorluq edir: BP-nin "Təqaüd proqramı" istedadlı və gənc Azərbaycan mütəxəssislərinə Böyük Britaniyada magistratura təhsili almağa imkan yaratmaqla, onların Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə vermələrinə yardım etmək məqsədi daşıyır.

Biznes jurnalistikası kurslarını BP ilə iki digər beynəlxalq təşkilat - "Britiş Kaunsl" və "Tomson Fondu" birgə həyata keçirirlər. Bu kurs son on il müddətində BP-nin sponsorluq etdiyi və "Britiş Kaunsl" təşkilatının apardığı uğurlu ingilis dili kurslarına əsaslanır.

Xəbər lenti

Xəbər lenti