Azərbaycan, Bakı, 22 may/ Trend müxbir A.Bədəlova/ Ölkələrin Avropanın Rusiyadan enerji asılılığının azaldılmasına yönələn layihələrin inkişafı məqsədilə birləşməsi perspektivləri azdır. UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan "YuniKredit Aton" şirkətinin analitiki Pavel Sorokin belə hesab edir.
Sabah Kiyevdə Azərbaycan, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Rumıniya rəhbərlərinin iştirakı ilə enerji təhlükəsizliyinə dair sammit keçiriləcək. Sammitin əsas məqsədi,faktiki olaraq Rusiyadan müstəqil enerji təchizatı yollarının axtarılmasıdır.
"Hazırki mərhələdə iştirakçi ölkələrin Rusiyaya qarşı birləşməsi perspektivi çox azdır", - Sorokin Trend -a bildirib. Onun sözlərinə görə, Rusiyadan tədarükü hələ ki, heç bir şeylə əvəz etmək mümkün deyil.
"Hər şey hasilatçı ölkələrin (Qazaxıstan, Türkmənistan) mövqeyindən asılıdır. Bu ölkələr isə əsasən Rusiyaya istiqamətlənirlər. Bundan əlavə, hazırda kiçik həcmdə olan ABŞ və Avropanın dəstəyi lazımdır. Belə ki, Rusiyadan tədarükü heç bir şeylə əvəz etmək mümkün deyil", - rusiyalı analitik bildirib.
İtaliyanın Bruno Leoni institutunun energetika departamentinin direktoru Karlo Staqnaronun (Carlo Stagnaro) fikrincə, energetika sammiti bu növ layihələrin inkişafı üçün kifayət deyil. Staqnaronun Trend - a bildirdiyinə görə, bunun üçün energetika sahəsində ticarət sazişləri də daxil olmaqla, möhkəm və aydın qaydalar toplusu lazımdır. Bu sazişlərin köməyi ilə əcnəbi sərmayələrin mümkünlüyünə yol verilir və siyasi müdaxilə məhdudlaşdırılır.
Lakin italiyalı ekspert qeyd edib ki, sammit enerji ehtiyatlarının diversifikasiyasında Avropa üçün vacib rol oynaya biləcək. "Bizə enerji mənbələrinin daha çox diversifikasiyası istiqamətində irəliləməyə yardım edə biləcək layihələr üçün siyasi konsensusun yaradılması vacibdir", - Staqnaro bildirib.
Sammitdə təqribən 30 ölkənin hökumət və biznes-nümayəndə heyətləri, o cümlədən Avropa Komissiyasının energetika məsələləri üzrə Komissarı, BMT, ATƏT, AYİB və Dünya Bankının nümayəndələri iştirak edəcəklər. Müzakirələrin əsas mövzusu "Odess-Brodı-Ploçk-Qdansk neftkəməri layihəsinin texniki-iqtisadi əsaslandırılması (TİƏ) məsələləri, həmçinin açıq Qaradəniz-Xəzər enerji tranziti məkanının formalaşdırılması məsələsi olacaq.