...

Azərbaycan Asiya İnkişaf Bankı ilə bankın vitse-prezidentinin Bakıya səfəri zamanı enerji layihəsi üzrə kredit razılaşması imzalayacaq

Energetika Materials 10 Noyabr 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir İ.Xəlilova/ Asiya İnkişaf Bankının vitse-prezidenti Hyu-Jaonun ölkəmizə səfəri zamanı, noyabrın 19-da, Azərbaycanda elektrikötürücü xətlərin bərpası layihəsi üzrə 220 milyon dollar məbləğində kredit razılaşmasının imzalanacağı gözlənilir. Bazar ertəsi Asiya İnkişaf Bankının Bakı nümayəndəliyi bu barədə məlumat verib.

"Azərbaycan tərəfindən razılaşmanın imzalanmasına vəkalət hələ təqdim olunmayıb, amma bu səlahiyyətin maliyyə naziri Samir Şərifova və "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə təqdim olunacağı gözlənilir", - nümayəndəlikdən belə deyiblər.

Layihə çərçivəsində Mingəçevir Su Elektrik Stansiyasından Abşeron yarımstansiyasınadək 220 kV-lıq ikikonturlu elektrikötürücü xəttin çəkiləcəyi nəzərdə tutulur. Eyni zamanda 220/110 kV-luq yarımstansiyaya 110 kV elektrikötürücü xəttinin birləşdirilməsi də nəzərdə tutulur. Sentyabr ayında Asiya İnkişaf Bankının Direktorlar Şurası layihənin gerçəkləşdirilməsi üçün 160 milyon dollarlıq kreditin ayrılmasına razılıq verib.

Layihənin əsas məqsədi - adekvat və güvənli enerji təchizatı vasitəsilə elektrik ötürülməsi sisteminin imkanlarının genişləndirilməsi və iqtisadi artımda regional disbalansın azaldılması, eyni zamanda enerji ötürülməsi imkanlarının genişləndirilməsi və enerji təchizatının keyfiyyətinin və güvənliliyinin təkmilləşdirilməsidir.

İyul ayında Asiya bankı ölkə rəhbərliyi ilə kredit razılaşması üzrə danışıqlar aparıb. Razılaşmaya əsasən, Azərbaycana kredit resursları 5 illik güzəştlərlə 25 illik müddətə və libor+0,2 faiz tarifi ilə təqdim olunacaq.

Asiya İnkişaf Bankının vitse-prezidenti Hyu-Jao həm də Cənubi Asiya, Mərkəzi və Qərbi Asiya departamentlərinə özəl sektorda əməliyyatlar üzrə himayədarlıq edir.

Ölkəmiz 1999-cu ildən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir və bu gün bank ölkə üçün dövlət təminatı altında 304 milyon dollar məbləğində kredit təsdiq edib.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti