Azərbaycan, Bakı, 22 noyabr/ Trend / Yanvar - oktyabrda Azərbaycandan boru kəməri və dəmir yolu nəqliyyatı ilə təqribən 30 mln. ton neft ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bu dövr ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə (BTC) 26,64 mln. tondan çox neft ixrac olunub. BTC ilə "Azəri - Çıraq - Günəşli" yataqları blokundan hasil edilən yüngül neft ixrac edilir. Neft kəmərinin operatoru BP - dir. "Azəri - Çıraq - Günəşli" yataqları blokunun işlənməsi üzrə layihənin yalnız iki xarici iştirakçısı - Amerikanın " ExxonMobil" və "Devon" şirkətləri öz neft paylarını BTC vasitəsilə ixrac etmirlər. Bu şirkətlər BTC - nin tikintisinə sərmayə yatırmayıblar və öz neftlərini dəmir yolu ilə Gürcüstanın Batumi limanına tədarük edərək, oradan satırlar.
Komitənin məlumatına görə, yanvar - oktyabrda Bakı - Novorossiysk boru kəməri ilə 1,2 mln. tondan çox neft ixrac edilib. Bu boru kəməri ilə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) şəxsi vəsaitləri hesabına yataqlardan hasil etdiyi neft , həmçinin, xarici iştirak payına malik birgə müəssisə və əməliyyat şirkətlərinin quru yataqlarından hasil etdiyi xammal ixrac edilir.
Komitə qeyd edir ki, may - oktyabrda Bakı - Supsa boru kəməri ilə təqribən 83,7 min ton neft ixrac olunub. Boru kəmərinin operatoru BP - dir. Bu kəmər vasitəsilə "Azəri - Çıraq - Günəşli" yataqları blokundan hasil edilən yüngül neft nəql olunur.
Komitənin məlumatında bildirilir ki, yanvar - oktyabrda dəmir yolu nəqliyyatı ilə təqribən iki mln. ton neft ixrac edilib. Dəmir yolu ilə Gürcüstanın Qara dəniz limanlarına Amerikanın "ExxonMobil" və "Devon" şirkətlərinin "Azəri - Çıraq - Günəşli" yataqları blokundan hasil etdiyi yüngül neft ilə yanaşı, Qazaxıstan və Türkmənistandan, Azərbaycandan keçməklə, nəql olunan tranzit xammalı da tədarük olunur.