Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /
Azərbaycanın şəxsi qazını Avropaya ixrac etmək üçün bir neçə imkanı var. Bu barədə Trend -a Suriyada olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Azərbaycan qazının Avropa regionuna ixracı üçün bir neçə layihə, bir neçə imkan var və bütün bu imkanlar açıqdır", - deyə Məmmədyarov bildirib.
Xarici işlər naziri "Nabukko", Türkiyə-Yunanıstan-İtaliya (ITGI), Transxəzər qaz kəməri layihələrini misal olaraq gətirib. Bundan əlavə, Məmmədyrov bildirib ki, bu sahədə Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi imkanı da var.
"Məqsədəuyğunluq, stabillik və proqnozlaşdırıla bilmə baxımından çıxış edərək diqqətlə hesablanmalı olan bir çox başqa variantlar da var", - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu və ya digər layihələr nəzərdən keçirilən zaman həm risklər, həm də layihələrin gəlirliliyi nəzərə alınır.
Məmmədyarov bildirib ki, haqqında Praqada bəyannamə imzalanan "Cənub dəhlizi" layihəsi də Azərbaycan üçün maraq kəsb edir. Onun sözlərinə görə, bu layihə ölkənin enerji imkanları ilə yanaşı, öz cağrafi mövqeyindən də istifadə edə biləcəyi variantlardan biridir.
"Bu konteksdə "Cənub dəhlizi"nin inkişafı, əlbəttə ki, bizim milli maraqlarımıza cavab verir, bununla biz daha stabil və çiçəklənən region yarada bilərik", - deyə Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu qəbildən olan layihələr təkcə iqtisadiyyatın inkişafı üçün deyil, həm də siyasi nöqteyi-nəzərdən vacibdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]