...

Bakı-Novorossiysk boru kəməri ilə nəql əvvəlcədən nəzərdə tutulmuş profilaktik işlər səbəbindən dayandırılıb

Energetika Materials 24 İyul 2009 13:55 (UTC +04:00)
"Rusiya ərazisində əvvəlcədən nəzərdə tutulmuş profilaktik işlər səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqli dayandırılıb", - cümə günü neft-qaz bazarındakı mənbə məlumat verib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E.İsmayılov /

"Rusiya ərazisində əvvəlcədən nəzərdə tutulmuş profilaktik işlər səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqli dayandırılıb", - cümə günü neft-qaz bazarındakı mənbə məlumat verib.

"Neft nəqli bu gün saat 12:00-da dayandırılıb və onun bərpası saat 10:00-a planlaşdırılıb. Ancaq bu iki saat tez və ya gec də ola bilər. Nəql əvvəlcədən nəzərdə tutulmuş profilaktik işlər səbəbindən dayandırılıb", - mənbə bildirib.

Onun sözlərinə görə, Azərbaycan neftinin şimal istiqamətində nəqli sabah başlayacaq və iyulun 29-na qədər davam edəcək. Bir müddət əvvəl nəqlin iyulun 27-də başlanması nəzərdə tutulurdu, "ancaq əvvəlcədən nəzərdə tutulmamış texniki işlər üzündən 16 saatlıq dayanma kiçik gecikmə yaratdı", - mənbə əlavə edib.

Bu ay ərzində kəmərlə 248 min ton (sutkada 8 min ton) Azərbaycan neftinin nəql edilməsi proqnozlaşdırılır.

Proqnoza əsasən, avqustda - 240 min ton, sentyabrda - 140 min ton, oktyabrda - 248 min ton, noyabrda - 240 min ton, dekabrda isə 140 min ton Azərbaycan neftinin nəql edilməsi proqnozlaşdırılır.

Novorossiysk limanı vasitəsilə öz neftinin boşaldılmasını ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yerinə yetirir. Şirkət yanvar-iyun aylarında Bakı-Novorossiysk kəməri ilə 1,2 milyon tondan çox neft nəql edib. İyunda bu rəqəm 170,5 min tondan çox olub.

Ümumilikdə, bu il Bakı-Novorossiysk kəməri ilə 2,55 milyon ton neft nəql edilməsi planlaşdırılır. Ötən il bu rəqəm 1,3 milyon ton olub.

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı ARDNŞ çıxışda (Novorossiysk limanında) "Urals" markalı neft əldə edir ki, buna da səbəb başqa istehsalçıların nefti ilə qarışmadır.

Bakı-Novorossiysk boru kəmərinin operatoru qismində 2007-ci ilə qədər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) çıxış edirdi. Sonradan qurum bu səlahiyyətləri ARDNŞ-ə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti